[b]Gerye: Qızım da oynamağımı istəyərdi - MÜSAHİBƏ[/b]
21.10.2017 - 11:56
[b]Gerye: Qızım da oynamağımı istəyərdi - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye “lenouvelliste.com” saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, haitili futbolçu həm “Atletiko” ilə Çempionlar Liqası matçı, həm də qızı Miah Manettenin vəfatı barədə danışıb.

 

- Qızınızın vəfatından cəmi bir neçə gün sonra Dieqo Simeonenin “Atletiko”suna qarşı çıxış etdiniz. Bu qarşılaşmada iştirak etmək üçün özünüzdə necə güc tapdınız?

- İlk qızım Miah Manette Geryenin vəfatı məni bu oyunda meydana çıxmağa vadar etdi. Özümdə bir güc hiss etdim və meydana ayaq basmaq qərarına gəldim. Fikirləşdim ki, qızım da oynamağımı istəyərdi. Miah üçün oynadım.

 

- Komandanız tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində xal qazandı. Azərbaycanda qolsuz bərabərliyə reaksiya necə oldu?

- Bunu təsəvvür etmək olmur. Hər kəs bu nəticədən xoşbəxt idi. Bir daha sübut olundu ki, futbolda nəticə proqnozlarla deyil, meydanda müəyyənləşir. Bütün dünya bizdən əvvəl “Barselona” ilə heç-heçə edən və nəhəng klub hesab edilən “Atletiko”nun qələbə qazanacağını düşünürdü. Nəticə isə göz önündədi.

 

- “Çelsi”yə qarşı keçirdiyiniz oyunla müqayisədə “Atletiko” önündə taktiki cəhətdən inkişaf etdiyiniz aşkar görünürdü. Belə tez öyrənmək üçün nə etdiniz?

- İnkişafla bağlı onu deyə bilərəm ki, komandamız çətin oyunlara öyrəşmiş peşəkar futbolçulardan qurulub. Rəqiblərə qarşı mübarizə aparmaq gücünə malik olan kollektivimiz var.

 

- Qızınızın vəfatından qısa müddət sonra “Atletiko” önünə çıxmağa sizi kim motivasiya etdi?

- Miah doğulan zaman virusa yoluxmuşdu. Həmin vaxt anasının yaxın qohumu xəstəxanaya gələndə onu öpdüyü üçün virus düşmüşdü. Həmin qadının ağzında yara var idi. Bu virus isə birbaşa beyinə təsir edir və yeni doğulmuş uşaqlar üçün çox təhlükəlidi. Virus tez məhv olmasa, gələcəkdə uşağın beyninin bir hissəsinə təsir edir, ayaqların iflic olmasına gətirib çıxarır. İflicin qarşısını almaq üçün bunu tez öyrənmişdik. Ancaq digər fəsadların qarşısını almaq üçün yetərli olmadı. Virus məhv edilsə də, həkimlər Miahda epileptik tutmanın olacağı barədə bizi xəbərdar etmişdilər. Bu cür tutulmalar azalmışdı, Miah özünü yaxşı hiss edirdi. Ancaq ötən cümə axşam vaxtı yataqda tutma oldu və ona qalib gəldi.

 

- Anası buna necə reaksiya verdi?

- O, çarəsizdi.

 

- "Atletiko” ilə qarşılaşmada psixoloji cəhətdən problem yaşamamaq üçün nə etdiniz?

- Fikir verdinizsə, meydana qolumda Haiti bayrağı ilə çıxmışdım. Biz haitililər problemlərə və çətinliklərə öz mədəniyyətimizlə cavab veririk. Problemlərə qarşı mübarizə aparan və həyatda qalmağa çalışan ailələrə örnək olmaq istədim. Mənim üçün Miahı sevməyə davam etməyin yeganə yolu çalışmaqdı.

0