[b]“Belə davam edə bilməz” – Pərdis Fərcad-Azad[/b]
21.10.2017 - 16:11
[b]“Belə davam edə bilməz” – Pərdis Fərcad-Azad[/b]

“Həm maliyyə, həm də kollektivdəki ab-hava baxımından vəziyyət pisdi. Bu səbəbdən “Səbail”lə matçı zəif keçirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Pərdis Fərcad-Azad deyib.

 

Azərbaycan Premyer Liqasının IX turunda “Səbail”in qonağı olan bakılılar debütantla da bacarmayıblar – 0:1. Hazırda aktivində 8 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “İnter”də maliyyə problemi komandanın nəticələrinə də təsirsiz ötüşmür.

 

Pərdis isə rəhbərliyin maaşları ödəyəcəyinə söz verdiyini söyləyib. Azərbaycan millisinin də formasını geyinmiş 29 yaşlı forvard dəyişikliyin zəruri olduğunu vurğulayıb: “Komandada futbolçu sayı çox azdı. 11-12 nəfərlə qalmışıq. Cari mövsümdəki uğursuz çıxışımızın kökündə maliyyə probleminin dayanıb-dayanmadığını deyə bilmərəm. Ancaq heç də yaxşı durumda deyilik. Sadəcə, çox məyusuq. O ki qaldı maaş məsələsinə, rəhbərlik ödəniləcəyinə söz verib. Nəsə dəyişmək lazımdı. Belə davam edə bilməz. Digər tərəfdən oyunlar zamanı bəxtimiz də gətirmir. İnşallah, tezliklə hər şey düzələr”.

 

Öz oyununu da qısaca dəyərləndərən hücumçu narazılığını dilə gətirib: “Oyunumudan razı deyiləm. Amma tək də nəsə etmək çətindi”.

0