[b]“İndi hamı medallar uğrunda mübarizə aparır” – MÜSAHİBƏ[/b]
22.10.2017 - 14:49
[b]“İndi hamı medallar uğrunda mübarizə aparır” – MÜSAHİBƏ[/b]

İlk qələbəsini Yüksək Liqanın III turunda qazanan “Yasamal” turnir cədvəlində bir pillə irəliləməyə müvəffəq oldu. Apasport.az saytının məlumatına görə, üç xalın qazanılmasında əməyi az olmayan komandanın aparıcı simalarından Reza Toloui matçdan sonra AFF-nın rəsmi facebook səhifəsinə müsahibə verib.

 

- Bu qədər gərginlik nədən qaynaqlanırdı?
- Maraqlı, həm də gərgin oyun keçdi. Rəqibimiz çox aqressiv idi, eyni zamanda kifayət qədər müqavimət göstərdilər. Oyunda çoxlu qol vurulsa da, hər iki tərəf qələbəyə yaxın idi. Yaxşı ki, bu dəfə 3 xalı biz qazandıq və rəhbərliyin yanında başımız uca oldu. Həqiqətən də bu turun oyunları çox maraqlı keçdi. Nəticələr oyunun dinamikasını müəyyən qədər göstərir.
 

- İlk qələbənizi qazandınız. Hisslərinizi bölüşə bilərsənmi?
- Əvvəlki oyunlarda uduzduğumuza görə, təzyiq altında idik. Meydana heç də rahat çıxmamışdıq. Çünki bu uğursuz seriyaya son qoymaq vacib idi. Məşqçimiz də bu oyunu udmağa borclu olduğumuzu bildirdi. Qalib ruhu tamamilə başqadı. İndi bizi təbrik edirlər, sevinirik, evə də rahat gedəcəyik.
 

- Bəs əvvəlki oyunlarda niyə qələbə qazana bilmədiniz?
- Rəqiblərimizin güclü olduğunu deyə bilmərəm. Problemlərimiz var idi. Komandamız yeni yığılıb, məşq keçmək üçün zalımız yox idi. Artıq bu problem həllini tapıb. İndi hər oyuna rahat hazırlaşmağımız üçün məşq zalımız var.
 

- Artıq bütün rəqiblərin oyunlarını izləmisən. İştirakçı komandalarla bağlı qənaətin necədir?
- Güclü rəqabət var. Komandalar heyətinə əl gəzdiriblər. İndi hamı medallar uğrunda mübarizə aparır.
 

- Hazırkı mövsümdə komandaların heyətində iranlı futbolçular çoxdu. Bu axının səbəbini izah edə bilərsənmi?
- İran Asiya, Azərbaycan isə Avropada çıxış edir. Bizim futzalçılar da özlərini Avropa klublarında göstərmək istəyirlər. Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər. Əlbəttə, burada özümüzü daha yaxşı tərəfdən göstərməliyik ki, menecerlərin diqqətini cəlb edək. 
 

- Ancaq bu asan deyil. Çünki son 10-12 ildə Avropada ölkəmizi “Araz” təmsil edib. Deməli, ilk növbədə bu klubun diqqətini cəlb etmək gərəkir...
- Razıyam, ilk növbədə “Araz”ın skautlarının diqqətini cəlb etməliyik. Bu komandaya gedən yolun qapısını açmalıyıq ki, Avropa səhnəsinə çıxa bilək. Bu gün komandamızda istedadlı oyunçular var. İnanıram ki, aralarında bunu bacaranı olacaq və Avropya yollanmaq arzusuna çatacaq.
 

- İranda Azərbaycan çempionatı ilə maraqlanırlar?
- Əlbəttə, maraqlanırlar. “Araz”ı yaxşı tanıyırlar. EKOL və “Neftçi” haqda da məlumatlıdırlar. Oyunlar canlı yayımlananda vaxt izləyirlər. Təbii ki, iranlı futzalçıların gəlişindən sonra maraq bir az da artıb.

0