Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Qarabağ”la qarşılaşan və minimalhesablı qələbə qazanan “Qəbələ” çempionluq uğrunda mübarizəni yenidən alovlandırdı. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı qeyd etmək istədiyiniz məqamlar var?
- Geniş danışmağa ehtiyac yoxdu. Hamı bilirdi ki, maraqlı, gərgin oyun olacaq. Məğlub olsaydıq, çempionluqdan xeyli uzaqlaşacaqdıq. Ona görə də komanda oyuna yaxşı hazırlaşmışdı. Bura təkcə meydandakı hazırlıq yox, psixoloji yanaşma da daxildi. Qələbə qazanacağımızı gözləyirdim.
- Psixoloji hazırlıq demişkən, nazir Kəmaləddin Heydərov da oyunu izləyənlıər arasında idi…
- Futbolçuların bundan xəbəri yox idi. Belə xəbərləri futbolçulara demirik, çünki əks təsir edə bilər.
- Bəs oyundan sonra cənab nazir nə dedi?
- Təbrik etdi.
- “Qəbələ” bundan əvvəlki oyunlarda da yaxşı oynayıb, amma xallar itirdi. “Sumqayıt”la oyun göstərdi ki, artıq komandanız əks-hücum taktikası seçib. Gözləmək olarmı, komandanız bundan sonra da bü cür oyun üslubuna üstünlük verəcək?
- “Sumqayıt”la oyundakı oyun üslubumuzu mən də bəyənmədim. Ancaq qələbə o qədər vacib idi ki, uşaqlar müdafiədən oynadılar. Baş məşqçi də bu cür seçim etmişdi. Bugünkü oyunun birinci hissəsində isə kifayət qədər qarşılıqlı hücumlar oldu. İkinci hissədə isə hesabı qorumağa çalışdıq. Bu, mənim fikrimdi.
- Bu qələbə digərlərindən fərqlənməyə bilməz. Çünki Çempionlar Liqasının qrup mərhələsində çıxış edən bir komandanı yenmisiz. Qalibiyyət futbolçulara hansı şəkildə təsir edəcək?
- Müsbət təsiri olacaq. Ötən ildə də, ondan əvvəlki mövsümdə də əsasən “Qarabağ”la yox, digər oyunlarda çoxlu xallar itirmişdik. Bununla bağlı həm futbolçularla, həm də məşqçilərlə çox söhbətimiz olub. Yəqin ki, bundan sonra belə olmayacaq və öz futbolumuzu oynayacağıq.
- Qol epizodunda ofsaydla bağlı şübhə var idi…
- Bu haqda bir söz deyə bilmərəm, videoyazını izləmək lazımdı.
- Hakimliklə bağlı iradınız varmı?
- Normal idarəçilik oldu.
- Ötən mövsümün gedişində “Qarabağ”dan üstün olsanız da, bunu sona qədər qoruya bilmədiniz. Nə çatışmırdı?
- Bu haqda ötən mövsüm çox danışmışıq. Yenidən həmin mövzuya qayıtmağa ehtiyac yoxdu. Sadəcə, həmin səhvləri təkrar etməməliyik.