[b]3 il yarım gözlənilən seriya[/b]
23.10.2017 - 13:23
[b]3 il yarım gözlənilən seriya[/b]

Azərbaycan Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib – 1:0.

 

“Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədi. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıblar. “Neftçi” 2016-cı ilin mayında AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub etmişdi. Lakin həmin vaxt komanda hər üç matçda qol buraxmışdı.

 

Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada quru hesabla qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına – təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların üçündə - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan üstələmişdi. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.

 

Həmçinin geridə qalan tur iki rekordla əlamətdar olub. Hər iki göstərici tamaşaçı sayında gerçəkləşib. 8 min azarkeş toplayan “Kəpəz” – “Neftçi” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç “Neftçi” – “Qarabağ” qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 8 turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.

 

Ümumiyyətlə, IX tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudu. Bunadək rekord III tura aid idi – 8100 tamaşaçı.

0