[b]Üç oldular, Qurban bəy![/b]
24.10.2017 - 12:24
[b]Üç oldular, Qurban bəy![/b]

Azərbaycan Premyer Liqasının IX turu son illərin dəyişməz çempionu “Qarabağ”ın mövsümdəki ilk məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri səfərdə “Qəbələ”yə uduzub.

 

Ağdamlıların 0:1 hesablı məğlubiyyəti ilk baxışdan adi təsir bağışlayır. Amma bu nəticədə ən diqqətçəkən məqam odu ki, “Qarabağ” ardıcıl 3-cü dəfədi “Qəbələ” ilə səfər matçında xala həsrət qalır.

 

Belə ki, “qırmızı-qaralar” ötən mövsümün hər iki ev matçında da çempionu xalsız qoymuşdu. Həmin vaxt görüşlərin ikisində də 2:0 hesabı qeydə alınmışdı. Son üç qarşılaşmada qola və xala həsrət qalan “Qarabağ” üçün Qəbələ səfərləri arzuolunmaza çevrilib.

 

2016-cı il martın 19-da səfərdə rəqibini 2:1 hesabı ilə yenən Ağdam klubu 19 aydı bölgə səfərində xal götürə bilmir. Əslində, bir komandanın eyni rəqiblə səfər matçlarında ardıcıl 3 dəfə uduzmasında qeyri-adilik görünməməlidi.

 

Amma ardıcıl 4 çempionluq yaşayan, Qurbanovun baş məşqçi gəldiyi 2008-ci ildən Azərbaycanın aparıcı klublarından birinə çevrilən “Qarabağ” belə seriyanı çoxdandı yaşamırdı.

 

Beşqat çempionunu ardıcıl ən azı 3 ev oyununda məğlub edən komandalar çox olub. Hətta “Qarabağ”ın tarixində 8 səfərlik xal həsrəti də var. Yəni ki, ağdamlılar eyni rəqibə onun meydanında ardıcıl 8 dəfə də uduzub.

 

Lakin bütün bu uğursuzluqlar ötən əsrin sonları, yeni minilliyin əvvəlinə təsadüf edib. Qurbanovun baş məşqçi gətirilməsindən sonra isə “Qəbələ”yədək yalnız bir komanda “Qarabağ”ı ardıcıl 3 dəfə məğlub yola salıb.

 

Bunu da “Neftçi” bacarmışdı. 2010/11 mövsümünün ikinci ev oyununda 2:0-a sevinən bakılılar, 2011/12 mövsümündə iki dəfə rəqibinə aman verməyib – 3:2 və 2:1.

 

Bir sözlə, “Qəbələ” Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ı ardıcıl 3 ev matçında yenən ikinci komanda olub. “Qırmızı-qaralar” paytaxt təmsilçisindən fərqli olaraq, cari mövsümün IV dövrəsində seriyasını artırmaq imkanına da malikdi. Həmin qarşılaşma isə mövsümün son turunda – mayın 20-də baş tutacaq.

 

Çempionatda 7-ci dəfə “Qarabağ”ı məğlub yola salan “Qəbələ” ağdamlılara ən çox səfər məğlubiyyəti yaşadan 8 komandadan biridi. İndiyədək rəqib meydanlarında 109 dəfə uduzan beşqat ölkə çempionunun ən çətin səfərləri isə “Kəpəz” və “Neftçi”yə qarşı olub. Bu iki komanda Ağdam klubunu 11 ev matçında üstələyib. “Turan” 9, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” hərəyə 8, “Şəmkir” isə qəbələlilər kimi 7 belə qələbəyə malikdi. Ümumiyyətlə isə çempion 28 rəqibə səfərdə uduzub.

0