[b]Cüdoçularımızın çıxışına qiymət verildi: Tarixi hadisədi[/b]
25.10.2017 - 15:47
[b]Cüdoçularımızın çıxışına qiymət verildi: Tarixi hadisədi[/b]

Bu gün Gənclər və İdman Nazirliyində Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan gənclərdən ibarət cüdo millimizlə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və milli komandamızın məşqçilər korpusu, idmançılar iştirak ediblər.

 

Mansurov yığmamızın mundialdakı çıxışını uğurlu adlandırıb. Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyası tək gənclərin deyil, ilboyu qatıldıdıqları bütün yarışlarda inamlı çıxışı ilə yadda qalıb. Bu dünya birinciliyi də həmin uğurların davamıdı: “Gənclərin Avropa birinciliyində komandamız birinci yeri tutmuşdu. Bu da tarixi hadisədi. Bu idmana dəstək olanların uğurudu. Gələn il dünya çempionatı Bakıda təşkil olunacaq və inanıram ki, həm medallarımızla, həm də təşkilatçılığımızla yenə fərqlənəcəyik".

 

Federasiyanın baş katibi Elmar Babanlı isə qeyd edib ki, yığma onlara göstərilən ümidləri doğruldub: “Həm əyar, həm də say baxımından bir ilk idi. Oğlanların yarışında birinci olduq. Tarixi hadisədi".

 

O, ölkədə cüdonun coğrafiyasının genişlənməsindən də danışıb və rayonlarda baş tutan birinciliklərdən söz açıb.

 

Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov dünya birinciliyinə Avropa çempionu kimi getdiklərini deyib. O bildirib ki, yarışdakı ən güclü idmançılar püşkə əsasən məhz bizim cüdoçularla düşüb: “Bu, Azərbaycan cüdosu üçün uğurlu nəticədi. Bu, göstərir ki, cüdomuz düzgün yoldadı. Federasiya lazımi dəstəyi göstərir və biz də bunu doğrultmağa davam edirik”.

 

Dünya birinciliyinin qızıl mükafatçısı Hidayət Heydərov da çempionluğa gedən yolundan danışıb. O bildirib ki, bu, yığmanın uğurudu: “İlk görüşüm yaponla idi. Güclü rəqiblə mübarizədə tilsimi qırdım və ardınca qələbələri davam etdirdim”.

 

Yarışı gümüş medalla bitirən Natiq Qurbanlı və Kəramət Hüseynov da çıxışlarını dəyərləndiriblər. Onlar bildiriblər ki, son anda qızıl medal şanslarını əldən veriblər.

 

Gələn il Bakıda keçiriləcək dünya çempionatı öncəsi yığma komandalara bir daha nəzər yetiriləcək. Babanlının sözlərinə görə, dekabrın 21-22-də bu məqsədlə Azərbaycan çempionatı keçiriləcək: “Hidayət və Natiq istisna olmaqla, digərləri hələ gənclər arasında mübarizəni davam etdirəcəklər. Amma Azərbaycan çempionatından sonra lazımi qərarlar veriləcək. Sınaqdan çıxmış idmançılar Avropa və dünya çempionatında iştirak edəcəklər”.

 

Babanlı 73 kq çəki dərəcəsində Hidayət Heydərovun Olimpiya mükafatçımız Rüstəm Orucova ciddi rəqib olduğunu da deyib: “Bu da rəqabəti artırır. Kostiyev də 100 kq-da Elxan Məmmədova, Elmar Qasımova potensial rəqibdi”.

 

Mansurov idmançıların psixoloji durumuna da toxunub. Onun sözlərinə görə, bu amil hər bir idman növündə vacibdi.

 

İsmayılov dünya birinciliyində cüdoçularımızın çətin rəqiblərlə düşməsinə də münasibət bildirib: “Qərəz olduğuna inanmıram. Amma bəzi dövlətlər var ki, bizə paxıllıq edirlər. Məsələn, 2 cüdoçumuz ilk döyüşdə yaponla düşdü və qalib gəldi. Halbuki onlar qalib olmağa iddialı idilər”.

 

Babanlı milli komandaların təlim-məşq toplanışı ilə bağlı layihəni tamamlayacaqlarını əlavə edib: “Bu, gələn ayın əvvəlinə nəzərdə tutulub”.

 

Olimpiya çempionumuz Elnur Məmmədlinin bacısı oğlu olan Kəramət dayısının məsləhətlərindən də yararlandığını deyib: “Məsələn, koreyalı idmançı ilə düşəndə də zəng edib öz fikirlərini bildirdi və dəstək oldu. Dedi ki, qalib gələcəksən”.

 

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

0