[b]“Çəkisini dəyişsin, Olimpiadaya ikimiz də gedək” - MÜSAHİBƏ[/b]
26.10.2017 - 11:29
[b]“Çəkisini dəyişsin, Olimpiadaya ikimiz də gedək” - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərovun (73 kq) apasport.az saytına müsahibəsi

 

- Son illər qazandığınız uğurlarla diqqət mərkəzindəsiniz. Azarkeşlərə özünüz barədə nə deyə bilərsiz?

- 1997-ci ildə Qazaxıstanda doğulmuşam. 3 il sonra Bakıya köçmüşük. Məni cüdoya 2003-cü ildə atamın dostu gətirib. O vaxtdan bu idman növü ilə məşğul oluram. İllər ötdükcə bu idman növünə peşəkar səviyyədə yanaşmışam.

 

- Bəs ilk məşqçiniz kim olub?

- İlk gündən məşqçim Tərlan Həsənov olub. Hazırda da məşqlərimi onun rəhbərliyi altında davam etdirirəm.

 

- Hidayət Heydərovun yetişməsinə hansı klub öz töhfəsini verib?

- Uşaqlıqdan “Neftçi” İdman Klubunda olmuşam. Bu gün də bu klubun adından çıxış edirəm.

 

- İlk Olimpiya çempionumuz Nazim Hüseynov bir neçə dəfə sizin yetişməyinizdə rolu olduğunu deyib. Ümumiyyətlə, Nazim bəy sizə nə vaxtsa məşqçilik edibmi?

- Yox. Üzərimdə heç bir qram da əməyi olmayıb. Yalnız Tərlan Həsənovla çalışmışam.

 

- Bu il böyüklər arasında Avropa, gənclər arasında dünya çempionu olduz. İslam Həmrəyliyi Oyunlarının da qızıl medalına yiyələndiz və “Böyük Dəbilqə”də fəxri kürsüdə yer aldız. İli karyeranız üçün uğurlu hesab etmək olarmı, yoxsa gələcəkdə bundan da böyük nailiyyətlər hədəfləmisiz?

- Bu il uğurlu alındı. Amma mənim üçün 2012-ci ildən illər bir-birindən uğurlu gəlir. Bir az keçən il uğursuz olmuşdu. Çəkimi dəyişmişdim, Olimpiadaya düşə bilməmişdim. İnşallah, inanıram ki, bundan da uğurlu illər olacaq.

 

- Ötən il hansı səbəbdən çəkinizi dəyişdiz?

- Əsas səbəb öz çəkimi saxlaya bilmirdim. Yaşla bağlı inkişaf gedirdi. Bu səbəbdən də yuxarı çəki dərəcəsinə qalxdım.

 

- Təbii ki, 2 güclü cüdoçumuzun eyni çəkidə olması rəqabət baxımından yaxşıdı. Amma mənfi tərəfi də var. Çünki eyni çəki dərəcəsində güləşdiyiniz Rütəm Orucov, ya da siz Olimpiadadan kənar qalacaqsız. Maraqlıdı, Rio-2016-nın finalçısı ilə aranızda söhbət olubmi ki, ya sən, ya da mən çəkimi qaldırım?

- Zarafata belə söhbətlər olur. O mənə “sən qaldır”, mən də Rüstəmə onun qaldırmağını deyirik. Kim güclüdüsə, Olimpiadaya o da gedəcək.

 

- Tokio-2020-yə kifayət qədər vaxt var. Hələlik gec deyil. Amma belə başa düşdük ki, heç biriniz çəki dəyişmək barədə fikirləşmirsiz? Nəzərə alaq ki, siz yaşca daha gənc olduğunuzdan inkişaf sizdə gedir...

- Bu barədə fikirləşmirəm. 73 kq çəki dərəcəsində yarşmağa davam edəcəm. Yəqin Rüstəm arada fikirləşir. Amma yenə də çəkisini qaldırmayacaq. Çünki aramızda rəqabət gedir.

 

- Orucova ilk dəfə Fransada keçirilən “Böyük Dəbilqə”də qalib gəlmişdiz. Ardınca da İslamiadanın finalında rəqibinizi üstələdiz. Bu onu daha bir dəfə məğlub etmiz. Həmin qələbələrdən sonra heç atmaca atmısızmı ki, gənc olsam da, səndən güclüyəm?

- Təbii ki, aramızda atmacalar olur. Döyüşlərdən əvvəl də sonra da zarafatlaşırıq. Amma ona qalib gəldiyimə görə heç vaxt aramız dəyməyib. Əvvəldən necəyiksə, indi də eləyik.

 

- Proqnozunuz maraqlıdı. Tokio-2020-yə hansınız gedə biləcəksiz?

- Gözləyək. Ən yaxşısı Rüstəmin çəkisini dəyişməsidi (gülür).

 

- Belə çıxır ki, rəqibinizə meydan oxuyursuz...

- (gülür) 81 kq çəki dərəcəsi demək olar ki, boşdu. Ona görə çəkisini dəyişsin, Olimpiadaya ikimiz də gedək. Heç birimiz qıraqda qalmayaq. İkimiz də güclüyük. Dünya reytinqində 5 ən güclüdən də ikisi bizik.

 

- Orucovun sizdən və sizin ondan üstün cəhətləriniz nədi?

- Hər şey eynidi. Amma onun yarış təcrübəsi dəhşət çoxdu. Zarafat deyil, 2 Olimpiada döyüşüb, dünya ikincisidi. Mən hələ gəncəm. Nə Olimpiada görmüşəm, nə də dünya çempionatında medal. 2 dəfə güləşmişəm, 5-ci olmuşam.

 

- Avropa çempionu olduqdan sonra maraqlı sevincin oldun. Duruşun və əllərinin hərəkəti ilə bağlı idi?

- Mən onu əslində Bakıda “Böyük dəbilqə”də edəcəkdim. Orda uduzdum, alınmadı və Avropa çempionatında etdim.

 

- Eyni çəkidə mübarizə aparan Elmar Qasımovla Elxan Məmmədov arasında rəqabətə görə soyuqluq hiss olunur. Sizlə Rüstəm arasında da bu varmı?

- Bizdə heç vaxt elə şey olmaz.

 

- Son aylar tez-tez yarışlara qatılırsız. Gənclərin də, böyüklərin də yarışlarında iştirak edirsiz. Bu sizi yormur ki?

- Yox. Amma dünya birinciliyindən sonra Abu-Dabiyə “Böyük Dəbilqə”yə gedəcəkdim. Barmağım əzildiyindən nə bu yarışa, nə də 23 yaşadək Avropa çempionatına gedəcəm. Bunda yorğunluluğun da rolu var.

 

- Bəs yeni ildə yığmaya seçim üçün keçiriləcək Azərbaycan çempionatına çıxacaqsızmı?

- Dekabrın 16-17-də Sankt-Peterburqda keçiriləcək “Masters”ə qatılacam. Azərbaycan çempionatı da ondan bir həftə sonradı. Yəqin ki, bir nömrələr güləşməz. Əgər olsa, yorğunluq və çəki salmamaq üçün 81 kq-da mübarizə aparacam.

 

- İl ərzində 2 fərqli məşqçinin – böyüklərdə Fərhad Məmmədovun, gənclərdə Elçin İsmayılovun rəhbərliyi altında hazırlıq keçmisiz. Bu, motivasiya baxımından sizdə problem yaratmır ki? Yəni böyüklərdə özümü sübut etmişəm, niyə gənclərdə mübarizə aparım ki...

- Məndə elə şey yoxdu. Onsuz, böyüklərdə dünya çempionu olsaydım da, gənclərlə də mundiala və Avropa birinciliyinə yollanacaqdım.

 

- Yaxşı bu çalışdırıcıların məşqləri çox fərqlənir?

- Yox. Məşqlər eynidi. Əvvəl hər ikisi gənclərdə bir işləyiblər və mən də komandada olmuşam. Ona görə fərqi yoxdu.

 

- Bəlkə böyüklər arasında dünya çempionatının yarımfinalından da danışasan. Sizdə həmin vaxt qalib olmaq üçün nə çatmadı?

- Yaponla güləşirdim, bir səhv etdim və o da bundan yararlandı. Sanki həmin səhvi gözləyirdi.

 

- Sonrakı görüşdə də psixoloji cəhətdən zəif görünürdüz...

- Yaponiyalıya uduzduqdan sonra dedim güləşməyəcəm. Monqolustanlı rəqiblə görüşə isə həvəssiz çıxdım. Çünki yalnız çempionluğa köklənmişdim.

 

- Bəs gənclərlə güləşib gəldikdən sonra böyüklərdə çıxış etmək sizdə çətinlik yaratmır ki?

- Əksinə. Böyüklərdən sonra gənclərdə güləşmək çətinlik yaradır. Çünki gənclərin hamısı “ac olurlar”, güləşmək istəyirlər. Böyüklər isə təcrübələrindən yararlanırlar.

 

- Bəs qısa vaxtda bir sıra uğurlar qazanmaq sizdə arxayınlıq yaratmayıb ki? Çünki çəkilişlərə dəvət olunur, televiziyalara da çıxırsız. Bu, sizi məşqlərdən, idmandan soyutmur ki?

- Yox. Bütün günü məşqlərimdəyəm. Bakıda nə vaxt oluramsa, hazırlığımız keçirəm. Yarışlara da gedəndə məşq etmirik. Çəki salırıq. Yəni hazırlıqdan heç bir vaxt qalmıram.

 

- Adətən gənclər əyləncəni də üstün tuturlar. Siz boş vaxtlarınızı necə keçirirsiz? Spirtli və ya enerji içkilərindən istifadə edirsizmi?

- Enerjili içkilərdən arada istifadə edirəm. Bunun dopinqə aidiyyatı yoxdu. Yorğun zaman içib, məşqə girirəm. Boş vaxtlarıma gəlincə, əyləncə məkanlarına getmirəm. Bütün günü istədiyim qızla, dostlarımla şəhərdə oluram. Başqa heç bir yerə getmirəm.

 

- Uğur qazandıqdan sonra dostluq təklifləri, sevgi etirafları çoxmu alırsız?

- Sosial şəbəkələrdə yoxam. Yalnız “instagram”dayam. Sevgi etirafları da yoxdu (gülür).

 

- Dediz boş vaxtlarınızda şəhərdə gəzirsiz. Həmin vaxt sizi tanıyanlar olur?

- Şəhərdə az olur. Amma harasa gedəndə tanıyırlar və təbrik edirlər. Yaxınlaşıb şəkil çəkdirmələrinə gəlincə, çox az olur.

 

- Fikirləşmirsiz ki, çox insan sizi görünüşünüzə görə tanıyır?

- (gülür). Bəli, saçıma görə.

 

- Bilərəkdən belə saç saxlayırsız ki, diqqət mərkəzində olasız?

- Yox. Xoşladığım üçün saxlayıram.

 

- Amma əvvəl yarışlara saçı açıq çıxırdız. Son yarışlarda isə bunu yığdığınızı gördük.

- Artıq xəbərdarlıq ediblər. Bundan sonra döyüşlərdə həmişə yığacam. Saçı açıq tatamiyə çıxmağa icazə yoxdu.

 

- Sizi idmançı kimi tanımayıb, sözünüz düşdüyü anlar olurmu?

- Bu ancaq polislərlə olur (gülür). Belə qıraqda olmur.

 

- Polislərlə necə olub?

- Heç nə, maşınımı saxlayırlar. Tanışlıq verirəm. Güzəşt edənlər də olur, olmayanlar da.  

 

- İlin sonunda ənənəvi olaraq, ən yaxşılar seçiləcək. Özünüzü ilin idmançısı kimi görürsüzmü?

- Yəqin ki, mən seçilməyəcəm. Amma deyəsən, “beşlik”də olacam. Burda Rüstəm Orucov, Hacı Əliyev, Məhəmmədrəsul Məcidov və Milad Beigi Harçeqani də var. Taekvondoçunun nəticəsi məndən də yüksəkdi.  

 

0