[b]FHN əməkdaşları arasında çempionat başa çatdı[/b]
26.10.2017 - 16:45
[b]FHN əməkdaşları arasında çempionat başa çatdı[/b]

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında keçirilən voleybol üzrə çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 4 günlük yarışda 13 komandanın 160-a yaxın idmançısı gücünü sınayıb.

 

Çempionatın ilk 3 günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, yarımfinal və final mərhələsi Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

 

Turnirin qalibi adını Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası qazanıb. Onlar finalda Dövlət Yanğından Mühafizə Xidmətinin voleybolçularını 3:0 hesabı ilə məğlub ediblər.

 

Ardıcıl 8-ci dəfə keçirilən çempionatda bürünc medallar Dövlət Yanğın Nəzarət Xidmətinin idmançılarına qismət olub. Bu komanda 3-cü yer uğrunda görüşdə Mülki Müdafiə Qoşunlarının voleybolçularını 2:0 (final istisna olmaqla digər matçlar 3 setdən ibarət olub) hesabı ilə məğlub ediblər.

 

Çempionatın mükafatlandırma mərasimində çıxış edən FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, yarış gərgin mübarizə şəraitində keçib. Onun sözlərinə görə, oyunların maraqlı alınmasında FHN əməkdaşlarının Azərbaycan millisində oynamasının da rolu az deyil: “Bəzilərini çıxmaqla, hər bir komanda bir-birinə ciddi rəqibdi. Bu səbəbdən də çempionat digər yarışlarımız kimi maraqlı alındı və hər bir komanda layiqli yerini tutdu. Yarışın təşkili növbəti illərdə də nəzərdə tutulub”.

 

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov mükafatçıları təbrik edərək, onlara növbəti oyunlarda da uğurlar arzulayıb.

 

İlk 3 yerin sahiblərinə medal və kubokla yanaşı, qiymətli hədiyyələr də verilib. 

 

 

0