SİZİN REKLAM BURADA

Qayğılı Qurbanov, sevinən cütlük, təəccübləndirən ispanlar...

- Uğur olsun. Hiss edirəm ki, "Qarabağ" səfərdə də "Atletiko"dan xal alacaq.

- İlk 20 dəqiqədə rəqibin təzyiqinə dözə bilsək, niyə də olmasın?

Yolumuz Madridədi. Dünyanın ən məşhur şəhərlərindən sayılan, futbola həddindən artıq bağlılığı ilə seçilən, "Real" və "Atletiko" kimi klubları ilə öyünən Madridə. "Real"la işimiz yoxdu. Məqsəd Çempionlar Liqasının qrupunda ikinci dəfə "Atletiko" ilə üz-üzə gəlmək, 2 həftə öncə Bakıda qeydə alınan sürpriz nəticə - qolsuz bərabərliyin təsadüfi olmadığını isbatlamaqdı. "Qarabağ" da inamlıdı, biz də, elə hava limanında sənədləri yoxlayarkən, mənimlə dialoq quran həmyerlimiz də...

 

Asta addımlarla bizə tərəf gələn Qurban Qurbanovla görüşürük. Həmişəki kimi, məsuliyyətli/qayğılı görünür. Ənənəsinə sadiq qalaraq, yenə vacib oyunlardan öncə futbolçularına müsahibə verməyi qadağan edib. Bu haqda fikrini soruşuram. "İstəmirəm iddialı danışıb, oyuna konsentrasiyanı itirsinlər" cavabını verir.

 

Futbolçulardan Madrid səfərinə ən çox Miçel və Kintana sevinir. Əbəs yerə deyil. "Qarabağ"ın ispan yarımmüdafiəçiləri 2 günlük olsa da, ölkələrinə qayıtmaq, yaxınları ilə görüşmək və ən əsası, həmvətənlərinə "Futbolda biz də varıq!" mesajını vermək üçün yaxşı şans əldə ediblər. Xüsusən, Miçel istəklidi, sanki gözlərindən qol vurmaq istəyi yağır. "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də inamlıdı. Təyyarədə suallarımızı cavablandıran klub rəsmisi komandasından, ilk növbədə, yaxşı oyun və mübarizə gözləyir.

 

Saat 16:30. Bizi İspaniyaya aparan təyyarə səmaya qalxır. Təxminən 6 saatlıq yol qət etdikdən sonra mənzilbaşına çatırıq. Madrid havasını udduğumuz ilk dəqiqələrdən İspaniya bizdə müsbət fikir formalaşdırır. Pasport yoxlanması müddətində fürsətdən istifadə edib, Tahir Gözəlin müsahibəsini redaksiyaya göndərirəm. Həmkarım Elnur Həmidov da eyni addımı atarkən, mən pasport yoxlanmasından keçirəm və növbənin Həmidova çatdığını bildiyim üçün daha sonra onun sənədini təqdim edirəm. Bu zaman sənədləri yoxlayan şəxs məndən Elnurun harda və kim olduğunu soruşur. Həmidovu göstərərək, başının işə qarışdığını deyirəm və bir az gözləməsini xahiş edirəm. İspaniyalının növbəti hərəkəti isə bizi təəccübləndirir. O, əlindəki sənədlə həmkarıma yaxınlaşaraq, "İşində ol, özüm yanına gəldim" deyir. Bununla, həm işə qiymət verdiklərini göstərir, həm də ispanlar haqda bizdə ilk müsbət fikri formalaşdırır. Hava limanını tərk edəndə isə ikinci dəfə yaxşı mənada təəccüblənirik. İspaniyada yaşayan soydaşlarımız "Qarabağ"ı qarşılamağa çıxıblar. Təxminən 40-50 azarkeş müxtəlif şüarlar səsləndirərək, Azərbaycan çempionuna dəstək olurlar...

 

Açığı, İspaniyanın paytaxtının daha dəbdəbəli olduğunu düşünürdüm. Mərkəzə qədər olan ərazini görüb, sıradan bir şəhərə gəldiyimizi zənn edirəm. Lakin sonradan gördüklərim Madridi daha yaxşı tanımağıma şərait yaradır. Bu şəhər, ilk növbədə, koloriti və səmimiliyi ilə insanı cəlb edir. Dəbdəbədən uzaq olan Madrid sadə, eyni zamanda gözoxşayan paytaxt təsirini bağışlayır. Əksər avropalılar kimi, ispanlar da bahalı həyata üstünlük vermirlər. Bunu idarə etdikləri avtomobillərdən də anlamaq mümkündü. Avropanın digər aparıcı şəhərləri ilə müqayisədə Madriddə yaşayış daha əlverişli, qiymətlər münasibdi. Bunu orda qarşılaşdığım həmyerlilərimiz də təsdiqləyirlər.

 

Şəhər gəzintimiz üzə çıxarır ki, ispanlar kənardakılara diqqət etməyi sevmirlər. Yəni fikirləri ancaq özlərində olur, ətrafda kimin hansı hərəkəti etməsi onları maraqlandırmır. Bununla belə, kömək üçün ağız açdıqda insana yardım əlini uzadırlar. Sürəti danışmağı sevirlər. Ölkələrinə məhəbbətləri də yüksək səviyyədədi. Təsadüfi deyil ki, əksər eyvanlardan İspaniyanın bayrağı asılıb. Fizioloji cəhətdən bizimlə oxşar cəhətləri var. Azərbaycanlılar kimi, ispanlar da bəstəboy millətdilər.

 

Madrid beynəlmiləl şəhərdi, demək olar ki, hər xalqın nümayəndəsinə rast gəlmək mümkündü. Yoxsulluqla mübarizə aparanlar daha çox əcnəbilərdi. Madriddə də dilənçi, həmçinin metroda nəsə satmaqla çörək pulunu çıxaranlar var. Metro demişkən, Madrid bu baxımdan Avropada ən qabaqcıllardandı. Təsadüfi deyil ki, 1919-cu ildə əsası qoyulan Madrid metropoliteninin 300-dən çox stansiyası var. Onlardan biri “Santyaqo Bernabeu” adını daşıyır və həmin stansiya arenanın yanında yerləşir.

 

Oyunöncəsi gəzinti zamanı şəhərdə “Qarabağ”ın futbolçuları – Riçard Almeyda, Dino Ndlovu, Pedro Enrike, Donald Gerrye və Elvin Yunuszadə ilə qarşılaşırıq. Hər birinin üzündə təbəssüm var. Çempionlar Liqasının qrup mərhələsi, “Atletiko” ilə Madriddə duel... Azərbaycanda oynayan bir futbolçu üçün bundan gözəl nə ola bilər ki?

 

Yeri gəlmişkən, matçın baş tutacağı arenanın açılışı bu il olub. "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"dan fərqli, "Vanda Metropolitano" mərkəzdən kənarda yerləşir. 2019-cu ildə Çempionlar Liqasının final görüşünü qəbul edəcək arenanın möhtəşəmliyinə isə söz ola bilməz.

 

Matça 1 saatdan az vaxt qalır. Amma tribunalar, demək olar ki, boşdu. Bir anlıq görüşün madridlilər üçün maraqlı olmadığını, yəqin bu səbəbdən "Qarabağ"la oyuna bu cür yanaşdıqlarını düşünürəm. Lakin sonrakı gedişat fikrimi dəyişir. Futbolçular meydana ayaq basanda onları 55 mindən çox azarkeş qarşılayır.

 

Fanatların yaratdığı möhtəşəm atmosferin fonunda Dəniz Aytəkinin start fiti güclə eşidilir. Gözlədiyimiz kimi, "Atletiko" ilk dəqiqələrdən yüksək təzyiq göstərir. Ardıcıl hücumlar zamanı gah qapıçı Şehiç yaxşı oynayır, gah da kapitan Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti. Texniki zonada qərarlaşan Qurban Qurbanov çox həyəcanlı görünür. Bir tərəfdən Bədavi, Mahir və Dino kimi aparıcı futbolçuların yoxluğu, digər tərəfdən ev sahiblərinin tətbiq etdiyi sürət və temp ona əyləşməyə imkan vermir. Çətin olsa da, "Qarabağ" "Atletiko"nun start təzyiqi qarşısında tab gətirməyi bacarır və getdikcə topu özündə saxlamaqla, matçın tempini bir qədər aşağı salır. 40-cı dəqiqədə isə "Vanda Metropolitano", sözün əsl mənasında, sükuta qərq olur - "Qarabağ"ın gözlənilmədən hesabı açması ilə. Qolu isə yuxarıda bəhs etdiyimiz, elə həmin Miçel vurur.

 

Fasilədən sonra Dieqo Simeonenin yetirmələri təzyiqi bir qədər də artırırlar və çox keçmir ki, istəklərinə çatırlar. Tomas Parteyin uzaq məsafədən zərbəsi qarşısında oyunu yaxşı keçirən İbrahim Şehiç də aciz qalır. Bu azmış kimi, az sonra “Qarabağ” daha bir zərbə alır. Pedronun topu havada qəbul etmək cəhdi ona baha başa gəlir və birbaşa qırmızı vərəqə ilə cəzalandırılır. Bununla “Qarabağ”ın işi bir qədər də çətinləşir. Qələbəyə “ac” olan və yalnız 3 xal barədə düşünən komandanın aramsız hücumlarına 10 nəfərlə dözə biləcəyikmi? Hamımızı bu sual düşündürür. Dəqiqələr isə sanki keçmək bilmir...

 

Matçın sonlarında Saviçin qırmızı vərəqə alması bizi bir az rahatlandırsa da, “Atletiko”nun qələbə qolunu vurmaq cəhdləri davam edir. Nəhayət, bu cəhdləri Dəniz Aytəkinin final fiti bitirir. “Qarabağ” Madriddə də tarix yazır. Futbolçular uğurlu nəticəni bayram edir, qələbə sevincini “Vanda Metropolitano”da onlara dəstək olan azərbaycanlı azarkeşlərlə bölüşürlər...

 

Növbəti tarixin Romada yazılması ümidi ilə...

 

Tengiz MƏMMƏDOV

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10