[b]İkisindən biri: Avropadan 53-cü rəqib[/b]
13.11.2017 - 11:56
[b]İkisindən biri: Avropadan 53-cü rəqib[/b]

Sabah 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Kosovo ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsinin qarşılaşması tarixə iki ölkə təmsilçilərinin ilk qarşılaşması kimi düşəcək.

 

Belə ki, Azərbaycan və Kosovo komandaları indiyədək heç bir rəsmi turnirdə qarşılaşmayıb. Söhbət əsas, U-21, U-19 və U-17 millilərinin seçmə oyunları, həmçinin avrokuboklardan gedir.

 

Təmsilçilərimizin kosovolularla yolları yalnız futzalda kəsişsə də, futbolda ilk duel “Dalğa Arena”da baş tutacaq. Bununla da balkanlılar komandalarımıza rəqib olan ölkələr sırasına düşəcək.

 

Seçmə mərhələlərdə qarşılaşdığımız UEFA-ya üzv olan ölkələrdən indiyədək 52-si ilə qarşılaşmışıq. Qurumun 55 üzvündən biri Azərbaycan olduğundan mümkün 54 rəqibdən yalnız ikisi sınanmamış qalıb.

 

Hətta UEFA-nın qarşılaşmalarına qadağa qoyduğu Azərbaycan – Ermənistan duelləri də yaşanıb. Bunlar U-19 və U-17-lərin seçmə oyunlarında baş tutub.

 

Görüşmədiyimiz iki UEFA üzvü isə qurumun ən gənc nümayəndələri – Kosovo və Cəbəllütariqdi. Kosovolular 53-cü rəqibimiz olandan sonra yalnız Cəbəllütariq təmsilçiləri ilə qarşılaşmadığımız ölkə olacaq.

0