[b]Bakayokonun mundial arzusu: Öncə “Qarabağ”...[/b]
13.11.2017 - 15:48
[b]Bakayokonun mundial arzusu: Öncə “Qarabağ”...[/b]

“Heyət açıqlananda çox məyus oldum. Qarşıdakı dünya çempionatı ilə bağlı hədəfim böyükdü. Orda iştirak etmək hələ də ən böyük arzumdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi”nin yarımmüdafiəçisi Temue Bakayoko deyib.

 

Yay fasiləsində 40 milyon avro müqabilində “Monako”dan “Çelsi”yə transfer edilən gənc futbolçu Fransa millisindən kənarda qalmasına münasibət bildirib. Uels və Almaniya ilə yoldaşlıq görüşləri üçün baş məşqçi Didye Deşamdan dəvət almayan 23 yaşlı oyunçu bunu özünə qarşı haqsızlıq hesab edir.

 

O, Britaniya mətbuatına açıqlamasında öz mövqeyində qərarlaşan futbolçulardan zəif olmadığını söyləyib: “Hazırda böyük klubda çıxış edirəm və düşünürəm ki, bu amil mənim xeyrimə ola bilər. Yığmaya dəvət alan Adrien Rabio, Nqolo Kante, Bleyzi Matuidi və Sorentin Tolisso heç də məndən güclü deyillər. Məşqçilər korpusunun seçiminə və dəvət edilən futbolçulara hörmətlə yanaşıram. Onlar istedadlı dostlardı. Seçildikləri üçün qürur duyuram, ancaq onlarla birlikdə olmaq istəyirəm. Çünki onlardan zəif deyiləm”.

 

Bu mövsüm “Çelsi”nin heyətində 15 oyun keçirən Bakayoko müntəzəm oynamaqda davam edəcəyi təqdirdə, yığmaya çağırılacağına inanır. “Zadəganlar”ın heyətində “Qarabağ” (6:0), “Kristal Pelas”la (2:1) oyunda fərqlənən orta sahə oyunçusu ilk növbədə Çempionlar Liqasında noyabrın 22-də Bakıda keçiriləcək görüş barədə düşündüyünü sözlərinə əlavə edib: “Doğrudu, dünya çempionatına hələ çox vaxt var. Hazırda “Çelsi” ilə Premyer Liqa və Çempionlar Liqasında uğur qazanmaq barədə düşünürəm. Xüsusən də, Çempionlar Liqası bizim üçün çox önəmlidi. Bu il hədəfimiz finala qədər irəliləyib, kuboku qazanmaqdı. Ancaq bunun üçün ilk növbədə “Qarabağ”a qalib gəlməli və növbəti mərhələ şansımızı yaxşılaşdırmalıyıq. Premyer Liqa və Çempionlar Liqasında nə qədər çox oynasam, Fransa millisinə çağırılmaq şansım da bir o qədər artar”.

 

Qeyd edək ki, Temue Bakayoko cəmi 1 dəfə - martın 28-də İspaniya ilə yoldaşlıq görüşündə Fransa yığmasının formasını geyinib.

0