[b]“Nəticə oyuna görə olmadı” – Kosovo millisinin baş məşqçisi[/b]
15.11.2017 - 13:01
[b]“Nəticə oyuna görə olmadı” – Kosovo millisinin baş məşqçisi[/b]

“Mitroviçada İsrail qarşısındakı noqdaundan sonra narahat idim. Ancaq uşaqlar çox yaxşı oyun nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin baş məşqçisi Rafet Prekazi deyib.

 

AÇ-2019-un seçmə mərhələsi çərçivəsində dünən Azərbaycan yığmasının qonağı olan kosovolular Bakıdan 0:0 hesablı bərabərliklə ayrılıblar.

 

Kosovo Futbol Federasiyasının rəsmi saytına danışan Prekazi komandasının çıxışından məmnun qaldığını bildirib. Ancaq baş məşqçi nəticəni onlar üçün ürəkaçan hesab etmir: “Komandamın Azərbaycanla matçdakı çıxışından razı qaldım. Bəzi anlarda oyuna diqtə edən tərəf biz idik. Komandanın hələ də bir qədər təcrübəyə ehtiyacı var. Belə görüşlərdə ələ düşən şanslardan maksimum yararlanmalısınız. 5-6 qol vəziyyətindən istifadə edə bilmədiyimiz üçün hətta düşünürdüm ki, uduza da bilərik. Nəticə meydanda göstərilən oyuna görə olmadı. İmkanları gərəksiz yerə qaçırdıq. Ancaq yenə də bu uşaqların oyununa baxanda Kosovo futbolunun gələcəyinin parlaq olduğunu deyə bilərəm”.

 

Qeyd edək ki, 5 turdan sonra Kosovonun 7, Azərbaycanın isə aktivində 1 xal var.

0