[b]Həsənov&İsayev: Onlar əvvəllər də “qovulub”[/b]
15.11.2017 - 17:10
[b]Həsənov&İsayev: Onlar əvvəllər də “qovulub”[/b]

Bu gün AFFA iki yığmanın baş məşqçisini postundan kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənov U-19, Mirbağır İsayev U-17-dəki fəaliyyəti ilə müqaviləsinə xitam verilməsinə səbəb olub.

 

Əslində, bu hadisə yenilik sayılmır. Çünki hər iki çalışdırıcı əvvəllər də yığmalardan ayrılıb.

 

Həsənov 3-cü dəfə milli fəaliyyətini başa vurub. 2011-12 və 2015-ci illərdə U-17-yə, 2017-də isə U-19-a rəhbərlik edən Həsənovun komandaları əbədi “qrupda qalan” olublar.

 

U-17 2011/12 mövsümündə 4 xal toplasa da, növbəti il xala həsrət qalıb. Hər iki halda seçmə mərhələdə ilişən mütəxəssis vəzifəsindən göndərilib. 2015-ci ildə isə Həsənov Bakıda keçirilən final mərhələsində yığmamızı qrupda saxlayıb. Yenə 4 xal yığması da komandanın işinə yaramayıb.

 

Millilərə 3-cü gəlişində isə məşqçi U-19-a rəhbərlik edib. İrlandiya ilə 0:0 edən yığma Serbiyaya 1:4, Kiprə 1:2 hesabı ilə uduzub.

 

Əslində onun hesabında daha bir yığma fəaliyyəti var. AVRO-2006-da U-21-də Vaqif Sadıqovun köməkçisi olan Həsənov çalışdırıcının əsas yığmaya keçməsi ilə gənclərə şərikli rəhbərlik edib. Həmin vaxt Həsənov digər köməkçi Musa Qurbanovla birgə çalışıb.

 

İsayev üçün də milliylə vidalaşma ilk hal deyil. 2014/15 mövsümündə seçmə mərhələdə 4 xal toplayan U-17 elit-raunda 3-cü yer sahibi kimi çıxmışdı. Oradakı üç böyükhesablı yenilgi məşqçiyə istefa hesabına başa gəlmişdi.

 

U-17-yə ikinci gəlişində yetirmələri 3 xal toplayan İsayev iki dəfə darmadağına üzüldü. İrlandiya ya 0:6, Ukraynaya 1:6 hesablı yenilgilərdən sonra Bolqarıstan üzərində qələbə (2:1) heç bir əhəmiyyət kəsb etmirdi.

0