[b]“Torba tikənlər”[/b]
16.11.2017 - 12:11
[b]“Torba tikənlər”[/b]

Futbolunu inkişaf etdirmək istəyən ölkədə bu sahənin nümayəndələri əllərini daşın altına qoyub, onu birlikdə qaldırmağa cəhd edirlər. Buna nümunə olacaq çox ölkə var.

 

Hansı ki, həmin ölkələrdə şərait Azərbaycandakından qat-qat aşağı olmasına baxmayaraq, reytinqdəki yerləri bunu bacardıqlarını göstərir. Azərbaycan futbol ictimaiyyətinin isə ən sevimli peşəsi “torba tikməkdi”.

 

Hansısa kluba yeni rəhbər gəlir, baş məşqçini “qaralayır”, yeni idman direktoru təyinatı “torba əməliyyatı”nın başlanğıcını qoyur, futbolçular baş məşqçini bəyənmirlər, çıxıb qəsdən uduzurlar. Mikrofon önünə keçən hər kəs bunu təkzib etsə də, çayxana söhbətində gileylənmədiyi adam qalmır.

 

Bu iyrənc əməllərə daha biri əlavə edilib: eyni komandada çalışan məşqçilərin bir-birilərinin ayağının altını qazmaq bacarığı... U-21-in sabiq baş məşqçisi Samir Ələkbərovun müsahibəsində dediklərindən başqa izah ortaya çıxmır. Ələkbərov deyir ki, köməkçiləri Aslan Kərimov və Cahangir Həsənzadə onun işini əlindən almışdılar. Və dolayı yolla da çatdırmaq istəyir ki, Almaniyaya böyükhesablı məğlubiyyətlər “torba əməliyyatı”dı.

 

Türkiyəli futbolçuların bayraq görəndə, italiyalıların himn oxuyanda necə coşduqlarını izləyəndə adamın paxıllığı tutur. Təbii ki, belə şeyləri öz yığmamızda da görmək istəyi ürəyimizdən keçir. Amma öz ölkəsinin himnini bilməyən, geyindiyi formadakı gerbin mənasını dərk etməyən futbolçudan bunu tələb etmək artıq olar. Milli formanın dəyərlərini anlamayan futbolçu məşqçiyə qarşı kin də güdər, meydanda qəsdən zəif də oynayar. Nə 0:7, nə 0:8 hesabı ilə məğlub olmaq, nə də dünyada rəzil olmaq belələrinin vecinədi. “Yığmada oynamaq şərəfdi” deyib, özündən zəiflə heç-heçəyə görə mükafat tələb edən oyunçuları da Azərbaycanda tapmaq olar. Halbuki klublarında, yığmada layiq olduqlarından qat-qat çox qazanırlar. Bütün bunlar məşqçilərə də aiddi.

 

Samir Ələkbərov əslində, ölkə futbolunun reallığını gözlər önünə sərib. Burda nə istəsən var: məşqçilər arasında “soyuq savaş”, milliyə tapşırıqla futbolçu götürmə, kənardan müdaxilə, yerində gözü olanların çirkin əməlləri və yekun olaraq, başqalarının tapşırığına qulluq edən futbolçuların baş məşqçini “vurması”. Samir müəllim demək istəyir ki, yanındakılara olan hədsiz inamının və dost-tanışın xahişini yerinə yetirməməsinin qurbanı oldu.

 

Ümumiyyətlə, Samir Ələkbərov Azərbaycanda sözünü deyən tək-tük mütəxəssislərdəndi. Məhz bu cəsarəti üzündən vaxtilə Fuad Musayev onun daha böyük karyera qurmasına imkan verməmişdi. İndi də qorxmadan çıxıb köməkçilərini onlara olan güvəndən sui-istifadədə, məşhurları futbolçu sırımaq cəhdində günahlandırıb. Heç kim boş yerə belə ittihamlar səsləndirməz.

 

Görünən odu ki, bu sahədə baş verənlər Azərbaycan futbolunu yaxın illərdə yerində saydıracaq. Bunun bir çıxış yolu var: hər şeyə sıfırdan başlamaq və futbolumuza düşmən kəsilənlərin kökünü qazımaq. AFFA Qurban Qurbanovu əsas millinin “sükanı arxası”na gətirməklə və bütün səlahiyyətləri ona verməklə, bəlkə də, buna çalışır. Çünki bu ölkənin futbolunda indiki məqamda bütün “dengeleri” dəyişəcək yeganə şəxs məhz Qurbanovdu. Əlbəttə ki, Qurbanova lazımi dəstək verilməsə, bu yolda onun da ayağına daş atanlar, yıxmağa çalışanlar çox olacaq.

 

Ruslan SADIQOV

0