[b]“Yığmalardakı problem və uğursuzluqlar faktdı” - MÜSAHBƏ[/b]
16.11.2017 - 16:21
[b]“Yığmalardakı problem və uğursuzluqlar faktdı” - MÜSAHBƏ[/b]

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Yığma komandalar üçün il başa çatdı. Məşqçi dəyişikliklərinə əsaslanaraq, 2017-ci ili uğursuz saymaq olarmı?

- İstər-istəməz. Hər bir millinin qarşısına yüksək vəzifələr qoyulmuşdu. Bunun üçün də hər cür şərait yaradılmışdı. Heyf ki, nəticə bizi qane etmədi. Ancaq həyat davam edir. Gələcəkdə bu səhvlərdən, uğursuzluqlardan qaçmaq üçün hamımız əlimizdən gələni etməliyik.

 

- U-17, U-19 və U-21 yığmalarımızın uğursuz çıxışını nə ilə əlaqələndirmək olar?

- Qısa müddətdə bu suala cavab tapmaq çətindi. Bunun üçün gərək ilboyu baş verən prosesləri nəzərdən keçirək, təhlil edək. Yalnız bundan sonra nəsə demək olar. Ancaq fakt odu ki, uğursuzluqlar, problemlər var. Bunun da həlli yollarını bir yerdə axtarmalıyıq.

 

- Baş məşqçi dəyişiklikləri vəziyyəti düzəldəcəkmi?

- Nəticələri sırf baş məşqçi ilə bağlamaq düzgün olmaz. Ancaq AFFA rəhbərliyi hər bir məşqçiyə özünü sübut etmək və lazımi nəticəni əldə etmək üçün kifayət qədər vaxt verdi. Bu məqsədə də nail olmayanda, belə addımlar atılır. Mən tərəfdarıyam ki, nə vaxtsa məşqçilərimiz müəyyən müddətdən sonra yığmaya xeyir verə bilməyəcəklərini özləri dərk etsinlər və öz istəkləri ilə istefa versinlər. Bunu Almaniyada görürük. Elə bu üzdən də hazırda Almaniya futbolu inkişafdadı. Orda hansısa məşqçini istefaya göndərmirlər. Məşqçilər özləri başa düşürlər ki, həmin anda onlarda o güc yoxdu. Yenilik gətirə bilməyəcəklərini hiss edib özləri komandadan uzaqlaşırlar. Ancaq problemlərimiz təkcə məşqçilərlə bağlı deyil. Əsas odu ki, bu problemlər görünür və aradan götürmək imkanımız var.

 

- Etiraf edək ki, Azərbaycanda əvvəlki kimi futbolçu da yetişmir. Eyni oyunçularla yeni məşqçi nəyə nail ola bilər?

- Buna görə deyirəm ki, təkcə məşqçi ilə bağlamaq olmaz. Kompakt problemlərdi, üst-üstə yığılıb. Belədə də bizi qane etməyən nəticələr qeydə alınır. Mənfi nəticələr də istər-istəməz baş məşqçi istefasına gətirib çıxarır.

 

- Ölkə çempionatında 21 yaşadək futbolçularla bağlı qoyulan limitin bir xeyrini görmürük. Günahkar kimlərdi: yığmalar, klublar, yoxsa futbolçular?

- Tam belə düşünmürəm. Ötən seçmə mərhələdə U-21 yığmamız ən yaxşı nəticə göstərən komandalarımızdan idi. Ancaq nəsildən-nəslə fərq var. Bəzi nəsil uğurlu, bəzisi isə uğursuz çıxış edir. Bu boşluğu doldurmalıyıq ki, hər nəsil özünü ən yaxşı tərəfdən göstərə bilsin.

 

- U-21-dən söz düşmüşkən, baş məşqçi Samir Ələkbərovla köməkçiləri arasında yaranan çaxnaşmaya münasibətiniz necədi? Bu məsələdə kimi haqlı sayırsınız?

- Bunu müsbət qarşılaya bilmərəm. Çünki komanda məşqçilərə baxıb, onlardan nəsə götürür. Məşqçilər korpusunda şəffaflıq, sabitlik, peşəkarlıq hökm sürməlidi. Bu da komandaya istər-istəməz təsir edəcək.

 

- Böyükağa Hacıyev Samir Ələkbərova köməkçiləri ilə bağlı xəbərdarlıq etmişdi. Məşqçilər Komitəsi olaraq, həmin vaxt bu məsələyə müdaxilə edə bilməzdiniz?

- Samir Ələkbərovun Almaniya ilə səfərdəki oyundan sonra Məşqçilər Komitəsi ilə görüşü olub. Hesabat verəndə Böyükağa Hacıyev öz iradını bildirmişdi. Həmin vaxt çalışdıq ki, bu iradla komandada çaxnaşma yaranmasın. İstəməzdik ki, məşqçilər öz aralarında hansısa problem yaşasınlar. Komandada son qərarı baş məşqçi verir.

 

- Yekunda zərər görən yığma komanda oldu. Vaxtında bir çıxış yolu tapmaq olmazdımı?

- Bu məsələ Almaniyadan qayıdandan sonra üzə çıxdı. O vaxt da Məşqçilər Komitəsi öz tövsiyələrini verdi. Samir isə bildirdi ki, hər şey nəzarəti altındadı. Buna görə də, müdaxilə etmək istəmədik.

 

- Köməkçi məşqçilər Aslan Kərimov və Cahangir Həsənzadə ilə necə, görüşünüz olmuşdumu?

- İş ondadı ki, Cahangir Həsənzadə o vaxt UEFA-dan gələn nümayəndə ilə məşğul idi. Ancaq Aslan Kərimov hesabat verməyə gəldi. Düzdü, biz Samir Ələkbərovla bir yerdə gəlməsini istərdik. Ancaq həmin vaxt Samir məşğul idi, gələ bilmədi. Aslan Kərimovun yeni gözlə yığmaya baxışı bizə də maraqlı idi. Açığı, məşqçi-köməkçi məsələsinə toxunmadıq. Çünki bu, sırf baş məşqçinin səlahiyyətində idi. Həmin ab-havanı da o idarə edirdi. Bizə 1:6 hesablı məğlubiyyətdə komandanın özünü necə göstərməsi, üstün və mənfi cəhətləri maraqlı idi.

 

- Samir Ələkbərov əlavə edib ki, futbolçuların milliyə cəlb olunması üçün kənardan tapşırıqlar olurdu. Məşqçilər Komitəsi olaraq, ona hansısa oyunçunu məsləhət görmüşdünüzmü?

- Biz hər bir məşqçiyə tövsiyə edirik. O yaşa uyğun oyunçular milliyə potensial namizəd sayılır və onların hamısına fikir vermək lazımdı. Heyət seçimində son qərarı baş məşqçi verir və onun işinə heç kim müdaxilə edə bilməz. Biz təlim-məşq toplanışından öncə baş məşqçi ilə görüşürük, siyahı ilə tanış oluruq, müzakirə edirik, müxtəlif tövsiyələr veririk. Bundan bəhrələnən yalnız baş məşqçi ola bilər. Bu gün kimsə tövsiyəni tapşırıq kimi qəbul edirsə, bu, səhv yanaşmadı.

 

- Bəlkə sizin tövsiyələriniz tapşırıq kimi qəbul olunub...

- Vallah, bilmirəm. Gərək Samir müəllimlə görüşək. Deyib ki, heç kimə qulaq asmayıb, qərarı özü verib. Belə də olmalıdı. Ona deyilib ki, heç kim taktiki düzülüşə, oyun modelinə və heyətə müdaxilə edə bilməz. Bütün bunlara baş məşqçi özü cavabdehdi. Bizim məqsədimiz yaxşı və pis gündə məşqçilərin yanında olmaq və onları dəstəkləməkdi. Biz Almaniyaya 1:6 və 0:7 hesablı məğlubiyyətdən sonra da ümid edirdik ki, komanda özündə güc tapıb yaxşı oyun göstərəcək. Kosovo ilə matçda da yığmamız 1 xal qazandı. Çoxları Kosovonu zəif saya bilər. Məncə, onlar zəif rəqib deyildilər. Komandamızda olan dəyişikliklər də müsbətə doğru edilmişdi. İnşallah, Samir Ələkbərovla görüşdükdən sonra bu məsələyə aydınlıq gətirəcəyik.

 

- Məşqçilər Komitəsi həmişə baş məşqçi seçimi zamanı müxtəlif namizədlər təqdim edib. Bu dəfə necə, siyahı hazırlamısınızmı?

- Bizə həmişə AFFA rəhbərliyi tərəfindən müraciət olurdu və 1 yox, 3-4 namizəd verirdik. Ancaq son qərarı AFFA rəhbərliyi verir. Həmişə demişəm ki, tək əldən səs çıxmaz və hamımız birləşməliyik. Əsas odu ki, layiqli olan seçilsin. Bizim isə işimiz ona dəstək verməkdi. Bizdən hələlik bir siyahı istəməyiblər. U-17 və U-19-un baş məşqçiləri ilə hələ dünən müqavilələrə xitam verilib. Ola bilsin ki, əsas yığmanın baş məşqçisi Qurban Qurbanovla görüşümüzdən sonra bu məsələyə aydınlıq gələcək.

 

Ruslan SADIQOV 

0