Azərbaycan voleybolçuları Türkiyə Superliqasının qızıl və gümüş medalını qazanıblar
06.05.2008 - 10:06
Azərbaycan voleybolçuları Türkiyə Superliqasının qızıl və gümüş medalını qazanıblar
Bakı. Kənan Həsənov – APA-Sport. Qadınlar arasında keçirilən Türkiyə voleybol Superliqasına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, final seriyasının üçüncü oyununda “Fənərbaxça Acibadem” klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən “Əczaçıbaşı Zentiva” 27-ci dəfə Türkiyə çempionatının qızıl medalını qazanıb. Qalib komandanın heyətində milli komandamızın sabiq üzvü İnessa Qorxmaz meydana çıxmayıb. Buna baxmayaraq, İ.Qorxmaz qızıl medala layiq görülüb. İcarə əsasında “Fənərbaxça Acibadem” klubunda çıxış edən Azərbaycan yığmasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun oyunu iki ulduzla qiymətləndirilib və onlara gümüş medallar təqdim olunub. “Əczaçıbaşı Zentiva” və “Fənərbaxça Acibadem” Türkiyəni Çempionlar Liqasının 2008/09 mövsümündə təmsil edəcək.
0