[b]Vahabzadə Seyidovu “neprav” çıxardı: Getsin, şikayət etsin[/b]
17.11.2017 - 11:16
[b]Vahabzadə Seyidovu “neprav” çıxardı: Getsin, şikayət etsin[/b]

21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi

 

- “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov U-21-in heyətində 25-26 yaşlı futbolçuların oynadığını deyib. Vaxtilə bu komandanın baş məşqçisi olmusuz. Seyidovun fikrinə münasibətiniz necədi?

- Seyidov U-21-də 25-26 yaşlı uşaqların oynadığını deyirsə, getsin, şikayət etsin. Bu sözü demək düzgün deyil. İkincisi, o uşaqların əlində sənədləri, şəxsiyyət vəsiqələri var. Həmin sənədləri də onlara dövlət orqanları verib. Odu ki, belə fikir səsləndirməyi düz saymıram. Mən işlədiyim dövrdə hansısa futbolçunun yaşının çox olması ilə bağlı şübhələnməmişəm. İndi kimdən şübhələnmək olar? Biz götürdüyümüz futbolçuların hamısı Premyer Liqada oynayırlar. Onlar sifariş edilirlər, sənədləri var. Bu necə ola bilər? PFL-ə təqdim olunan iştirak ərizələrində adları yer alırdı, təvəllüdləri göstərilirdi, biz də uyğun gələn futbolçuları milliyə çağırırdıq.

 

- Bəs milliləşdirilmiş futbolçuların da “lipa” olmadığına əminsiniz?

- Onların da hər birinin sənədi var. Biz necə şübhə edə bilərik? Adam heç bilmir ki, nə desin. Fikrimcə, Yaşar Seyidovun ittihamı düz deyil. Bu gün “Bakı” klubu Premyer Liqada oynasaydı və komandanın hansısa futbolçusu yığmaya dəvət olunsaydı, onun barədə də eyni sözləri deyə bilərdi? Onun oğlu ilə bağlı hansı problemin yarandığını bilmirəm, maraqlanmamışam. Amma durub başqa futbolçular haqda belə fikirlər səsləndirmək düzgün deyil. Bu, digər oyunçuları ləkələməkdi.

 

- U-21-in baş məşqçisi postunda sizi əvəzləyən və komandanı 3 oyuna çıxaran Samir Ələkbərovun işini necə qiymətləndirirsiz?

- Biz həmkarıq. Bundan əlavə, Samir mənim yerimə keçmişdi. Onun haqqında nəsə deməyim düz çıxmaz.

 

- Necə düşünürsüz, U-21-in əsas problemi futbolçularla bağlıdı, yoxsa məşqçilərlə? Potensialına bələd olduğunuz bu oyunçularla uğurlu nəticəyə imza atmaq mümkündü?

- Artıq qrupda heç nə etmək mümkün deyil. Amma bacardıqca yaxşı oyun sərgiləmək və xal ehtiyatını artırmaq lazımdı.

 

- U-21-də işlədiyiniz müddətdə hansısa futbolçunu yığmaya çağırmaqla bağlı sizə təkid olubmu?

- Xeyr. Vallah, mən işlədiyim dövrdə belə bir şey olmayıb. Həmin Valeh Seyidovu seleksiya xarakterli toplanışa dəvət edib, baxmışdım. Başqa futbolçu ilə bağlı da heç kimdən mənə təkid olmayıb.

 

- Bəs köməkçilərinizlə aranızda hər hansı problem olmuşdumu?

- Bizim aramızda elə bir problem olmayıb. Hər kəs öz işini bilirdi. Məşqdən qabaq oturub, yazırdıq. Babək Alxasov və Samir Ələkbərov nə edəcəklərini bilirdilər. Məşqin əsas hissəsini mən keçirdim, onlar da kömək edirdilər. Biz neçə il işlədik, belə söz-söhbətlər olmadı. Məəttəl qalıram ki, bunlar 2 ayın içində bu qədər söz-söhbət çıxartdılar. 

0