“Qəbələ” ilə oyunda hesabda iki dəfə önə keçməsinə baxmayaraq məğlub olan “Neftçi”nin hücumçusu İqnasio Herrera qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı qeyd etmək istədiyiniz məqamlar var?
- İki dəfə hesabda irəli çıxdıq. Özünüz də nələrin baş verdiyini gördünüz. Bu cür oyunla məğlub olduq. Çox pis hisslər keçiririk. Üzülməmək əlimizdə deyil. Axı 55-ci dəqiqəyə qədər hesab bizim xeyrimizə idi. Sonra penalti təyin edildi, sona yaxın isə yekun nəticəni həll edən qolu buraxdıq.
- İki dəfə hesabda öndə olsanız da bu üstünlüyü qoruya bilməməyiniz nədən irəli gəlir?
- Səhvlər çox oldu və bunu yalnız komandamız etmədi. Rəqibin vurduğu ilk qol epizodunda künc zərbəsi təyin edilməməli idi. Çünki top onların futbolçusundan çıxmışdı. İkinci qol zamanı isə hakim penaltini verməyə də bilərdi. Amma verdi və onlar ikinci qolu da standart vəziyyətdən vurdular. Bir sözlə, səhvlər çox oldu.
- Qış fasiləsində nələri dəyişmək lazımdı ki, komanda daha yaxşı oynasın?
- Nəyi dəyişmək lazımdı, konkret deyə bilmərəm. Amma düzgün yoldayıq və bu cür çıxış etməyə davam etsək, çox oyunlarda qələbə qazanacağıq. Nəticədə aktivimizdəki xalların sayı da artacaq. Çünki komandamız yaxşı oyun nümayiş etdirir.
- Sanki topla istədiyiniz qədər təchiz olunmurdunuz. Hətta narazılıq da edirdiniz…
- Bu gün top itkisinə yol vermədim. Topla təmin olunmağımdan da narazı deyildim. Əsas narazılığım oyunu uduzmağımızla bağlıydı. Çünki iki dəfə hesabda irəlidə ola-ola yekunda xalsız qaldıq. Komanda yoldaşlarımla bağlı narazılığım yoxdu.