[b]“Bu, “Neftçi”nin adına yaraşmaz” – Rəşad Sadiqov[/b]
20.11.2017 - 00:00
[b]“Bu, “Neftçi”nin adına yaraşmaz” – Rəşad Sadiqov[/b]

“Neftçi” təcrübəli oyunçusu Rəşad Sadiqov “Qəbələ”yə 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qarşılaşma haqqında nə deyə bilərsiz?

- Özünüz də gördünüz ki, açıq futbol getdi. Çətin olacağını bilirdik. “Qəbələ” çox güclü rəqibdir. Qələbə qazanmaq üçün şansımız var idi, ancaq təəssüf ki, məğlub olduq.

 

- Nə səbəb oldu məğlubiyyətə?

- Yəqin ki, hardasa səhv elədik. Hakimlər də nəticəyə təsir etdilər. “Qəbələ”nin ilk cavab qolunda qapıdan zərbə əvəzinə künc zərbəsi verdilər. Xırda hərəkətlər yekunda nəticəyə təsir edir. Bilmirik necə edək ki, qələbə qazanaq. 2 qol vururuq yenə bəs etmir. Özümüz də səhv etdik, ancaq hakimlər də bir az diqqətli olsalar, daha yaxşı olar. Hamının gözünün qabağında oldu.

 

- Oyun ərzində Krivotsyuka və Rəhman Hacıyevə göstərişlər verirdin. Çıxışlarından razı deyildin?

- Sadəcə elə epizodlar olur ki, gənclərə təcrübəli adamların tövsiyəsi lazım olur. Anton arxasına çox oyunçu buraxır, bu da futbolda çox təhlükəli haldı. Ona görə də bəzən xəbərdarlıqlar edirdim.

 

- Ardıcıl 4 qələbədən sonra yuxarı pillədə qərarlaşmış komandalara uduzdunuz. Bu, onu göstərir ki, “Neftçi”də hələ də problemlər davam edir...

- Biz o qələbələri qazananda da Tərlan müəllim demirdi ki, problemləri arxada qoyduq. Yenə də deyirdi ki, problemlər çoxdu və işləmək lazımdı. Qış fasiləsində bunları aradan götürməyə çalışacağıq.

 

- Mövqelərdə oyunçu dəyişiklikləri olacaq?

- Bu barədə baş məşqçi özü qərar verəcək. Yeni oyunçu olmasa da, əlimizdən gələni edəcəyik. İlk üçlükdən kənarda qalmaq “Neftçi”nin adına yaraşmaz.

 

- Nizami Hacıyev açıqlayıb ki, “Neftçi”yə keçir...

- Açığı, bunu ancaq mətbuatdan oxumuşam, özü ilə danışmamışam. Bir məlumatım yoxdu. Gəlsə, çox faydalı olar.

 

- “Neftçi”dəki problem yerli oyunçularla bağlıdır, ya legionerlərlə?

- Bu barədə danışarkən yerli və ya legioner ayırmaq olmaz. Kənarda ola bilər ki, harasa azərbaycanlılar birlikdə getsinlər, bir yerdə otursunlar, ancaq meydanda hamı eynidi. Mən yerlinin də üstünə qışqırıram, xaricinin də. Fərq qoymuram. 

0