[b]"..."Qarabağ"ın çempion olacağını gözləmirik" - MÜSAHİBƏ[/b]
20.11.2017 - 10:21
[b]"..."Qarabağ"ın çempion olacağını gözləmirik"  - MÜSAHİBƏ[/b]

Premyer Liqanın XII turunda səfərdə “Neftçi”yə qalib gələn (3:2) “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Hesabda iki dəfə geri düşsəniz də, geridönüş eləyə bildiniz. Bu matçda “Qəbələ”nin xarakter nümayiş etdirdiyini demək olarmı?

- “Neftçi” son turlarda yaxşı oynayır. Elə oyun idi ki, qol buraxacağımız gözlənilən idi. Əvvəlcədən buna hazır idik. Əsas odu ki, qol buraxdıqdan sonra ruhdan düşmədik. Komandamız xarakter nümayiş etdirdi. Çünki xal itirmək olmazdı. Xal itirsəydik, rəqiblərimiz bizdən uzaqlaşacaqdı. Məqsədimiz çempionatın ilk yarısını aşağı pillədə başa vurmamaqdı. Qarşıda iki oyunumuz qalıb. Həmin qarşılaşmalarda da qələbə qazanmaq haqda düşünürük.

 

- Oyunun nəticəsində hakim səhvləri həlledici oldu. Bu fikirlə razısızmı?

- Birinci qolun vurulduğu künc nöqtəsini nəzərdə tutursuzsa, epizodu görmədim. Təkrara baxmaq lazımdı.

 

- Baxılıb, top dəqiq Ruslan Qurbanova dəyərək, meydanı tərk etmişdi...

- Mübarizə anı idi. Mənim epizodum zamanı da hakim sarı vərəqəni düzgün göstərmədi. Rəşaddan xeyli aralıda idim, təmiz topa oynamışdım, amma sarı vərəqə göstərdi. Oyun zamanı belə yanlışlıqlar olur.

 

- Nəticəyə təsiri danılmazdı...

- Künc zərbəsi penalti deyil ki, deyəsən qol vurmaq şansın yüksəkdi. Hakim künc zərbəsi təyin etdi, düzdü, epizodun davamında qol vurduq. Ancaq qol olmaya da bilərdi. Qol olmasaydı, heç kim bu epizodu xatırlamayacaqdı. Referi yanlış penalti təyin etsəydi, onda nəticəyə təsir edən səhvdən danışmaq olardı.

 

- Hakim penalti də təyin etdi. Epizodu gördünüzmü?

- Dəqiq bir söz deyə bilməyəcəm. Çünki bir qədər arxada qərar tutmuşdum.

 

- İlk yarının başa çatmasına 2 tur qalıb. “Qəbələ” fasiləyə arzuladığı yerdə yollanır?

- Xeyr, biz çempion olmaq istəyirik. Ona görə də, ikinci dövrəni üçüncü yerdə bitirsək, bu, arzuladığımız pillə olmayacaq. Çempion olmaq üçün mütləq zirvədə qərarlaşmaq lazımdı.

 

- Bunu da etiraf edək ki, bu il çempionatda oyunu ilə rəğbət qazanan “Sumqayıt” kimi komanda 10 nəfərlə mübarizə aparan “Qarabağ”dan xal ala bilmir. Bu, “Qarabağ”ın rəqibsiz qaldığı anlamına gəlmir?

- Həqiqətən də, “Qarabağ” çox güclüdü. Biz də əlimizi yanımıza salıb, onların çempion olacağını gözləmirik. Qarşıda “Qarabağ”la iki oyunumuz var və xal fərqi elə

də böyük deyil. “Qarabağ”ı da çətin oyunlar gözləyir. Gəlin, mövsümün sonunu gözləyək.

 

- Bu qarşılaşmanı həm də baş məşqçilərin "taktiki savaş”ı adlandırmaq olarmı? Çünki Roman Qriqorçukun əvəzetmədən meydana buraxdığı iki futbolçu “Neftçi”yə qol vurdu…

- Bu haqda danışmağım düzgün olmaz. Çünki danışsam, “Qəbələ”nin futbolçusu olduğuma görə, öz baş məşqçimizi tərifləyəcəm. Ona görə də, rəy bildirməsəm, yaxşıdı.

 

 

 

0