[b]Azərbaycan çempionu avrokubok mövsümünə start verir[/b]
20.11.2017 - 12:03
[b]Azərbaycan çempionu avrokubok mövsümünə start verir[/b]

Sabah Azərbaycanın voleybol klubları üçün avrokubok mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, yeni ildə ilk olaraq ölkə çempionu “Lokomotiv” meydana çıxacaq.

 

Fərid Cəlalovun rəhbərlik etdiyi kişi voleybolçulardan ibarət Bakı təmsilçisi “Çelenc Cup”da debüt oyununa çıxacaq. II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq komandamız Kiprin “Apoel” klubu ilə üz-üzə gələcək.

 

Görüşün “Lokomotiv” üçün asan keçəcəyini demək olmaz. Çünki hələlik cəmi 9 oyunçu sifariş edən “dəmiryolçular” çempion olduqları heyətin bəzi aparıcı oyunçularını da itiriblər. Lakin komandanın son anda bir neçə əcnəbi ilə müqavilə bağlayıb, heyətinə qatacağı da gözləniləndi. Bəzi sənədləşmə işləri bitən an “Lokomotiv”in güclənəcəyi istisna edilmir.

 

“Apoel”ə gəlincə, onlar hazırda da ölkə çempionatının lideridi. Nikosiya klubu arxada qalan 7 turdan sonra cəmi 1 dəfə məğlubiyyət acısı yaşayıb. Onların heyətində isə Braziliya və Sloveniyada legionerlərin oynadığını da vurğulamalıyıq. Çünki 2 sambaçı və 1 sloveniyalı məhz “Apoel”in hücum xəttinin dirəkləri hesab edilib. Buna baxmayaraq, komandamız Bakıda baş tutacaq ilk görüşdə sərfəli nəticə göstərmək arzusundadı. “Lokomotiv” noyabrın 29-da olacaq cavab oyununa sərfəli hesabla yollanmağı hədəfləyib.

 

21 noyabr

“Çelenc Cup”

II təsnifat mərhələsi, ilk oyun

19:00. “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr)

Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Yovan Yovanoviç (Serbiya)

Bakı. Voleybol Mərhəzi

 

Qeyd edək ki, Azərbaycan klubları yeni mövsümdə Çempionlar Liqasında və CEV kubokunda təmsil olunmayacaq. “Lokomotiv”lə yanaşı, “Azərreyl” də “Çelenc Cup”da oynayacaq. Qadınlardan ibarət klubumuz mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. 

0