[b]“Gəncənin adına layiq komanda formalaşdırmalıyıq” – Yunis Hüseynov[/b]
20.11.2017 - 13:15
[b]“Gəncənin adına layiq komanda formalaşdırmalıyıq” – Yunis Hüseynov[/b]

“Kəpəz” klubunun yeni baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

 

- “Kəpəz”dən təklifi nə vaxt aldınız?

- Şahin Diniyevin istefasından sonra mənimlə əlaqə saxladılar. Klub rəsmisi İslam Abbasovla danışdım. Təklif etdilər, mən də canla-başla razılaşdım. Beləcə bu posta təyin olundum. Sabah komandaya təqdim olunacam və ilk məşqimi keçəcəm.

 

- “Kəpəz”in hazırkı durumu yaxşı deyil. Komanda turnir cədvəlində son pillədə qərarlaşıb. Təklif gələndə tərəddüd etdinizmi?

- Xeyr. Düzdü, “Kəpəz” hazırda axırıncı yerdə gedir. Amma buna baxmayaraq, komandanı qışda gücləndirməyə çalışacağıq. Gəncənin adına layiq olan komanda formalaşdırmalıyıq. İnşallah, azarkeşlərlə bir yerdə bu ağır durumdan çıxacağıq.

 

- Müqavilənizin müddəti nə vaxta kimidi?

- Bunu dəqiqləşdirəcəyik. 1-2 günə açıqlanacaq.

 

- Bəs köməkçilərinizin kim olacağı müəyyənləşibmi?

- 1 həftəyə o da bəlli olacaq.

 

- Sabiq baş məşqçi Şahin Diniyevin köməkçiləri olmuş Xaliq Mərdanov və Vidadi Rzayevlə işləyəcəksizmi?

- Bu dəqiqə hamı yerində qalıb və işləyir. Yəni kimsə komandadan getmir. Hamı yerindədi, “Kəpəz”dən heç kim ayrılmayıb. Birlikdə əl-ələ verib, qarşıdakı oyunları keçirəcəyik.

 

- Bu mövsüm üçün qarşınıza hansı hədəf qoyulub?

- Hələ heç bir məqsəd qoyulmayıb. Yaxşı bir komanda formalaşdırmaq lazımdı.

 

- Bunun üçün də yaxşı heyət lazımdı...

- Əlbəttə ki. Heyət lazımdı. Çalışmalıyıq ki, yaxşı futbolçular tapaq. Axtarışda olmalıyıq. Bu heyəti gücləndirmək lazımdı.

 

- Qış fasiləsində hazırkı heyətdən kimlərsə göndəriləcəkmi?

- Xeyr. Heç bir futbolçumuz göndərilməyəcək. Hamı yerində qalacaq.

 

- Bəs komandaya neçə yeni futbolçu cəlb etmək fikrindəsiz?

- Heyətə yeni oyunçular qatacağıq. Amma bu o demək deyil ki, kimisə göndərmək fikrimiz var. Belə bir planımız yoxdu. Heç kimi uzaqlaşdırmırıq. Bu, gələcəyin işidi. Əlbəttə ki, komandanı gücləndirmək üçün yeni futbolçular götürməliyik.   

0