Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada təşkil olunacaq dünya çempionatının oyunlarının keçiriləcəyi şəhər və arenalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da qatılacağı mundial 6 şəhərdə baş tutacaq.
29 sentyabr – 20 oktyabrda keçiriləcək yarışın qarşılaşmaları Yokohama, Sapporo, Kobe, Hamamatsu, Naqoya və Osakada oynanılacaq.
Belə ki, dünya çempionatında 24 komanda 4 qrupa bölünəcək. 4 oktyabradək davam edəcək A qrupundakı 6 millinin görüşləri “Yokohama Arena”da (tutumu - 12000) olacaq. B qrupundakı oyunlar Sapporoda “Hokkaydo Prefekturalasının İdman Mərkəzi”ndə (8000), C qrupunun matçları Kobedə “Qrin Arena”da (6000) və D qrupunun qarşılaşmaları Hamamatsunun eyniadlı arenasında (8000) təşkil olunacaq.
Hərəsində 8 komandanın yer alacağı və 2 qrupda mübarizə aparacağı II mərhələnin oyunları oktyabrın 7-11-də Naqoya və Osakada keçiriləcək. III mərhələyə də Naqoya ev sahibliyi edəcək. Burda oktyabrın 14-16-da hərəsində 3 yığma olmaqla 2 qrupun görüşləri baş tutacaq. Naqoyada bütün oyunlar “Nippon Qaişi” salonunda (10000), Osakadakı matçlar şəhər mərkəzindəki idman arenasında (82000) olacaq.
Oktyabrın 19-20-də isə həlledici oyunları Yokohama şəhəri qəbul edəcək. “Yokohama Arena”da yarımfinallar, final, üçüncü və beşinci yerlər uğrunda qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, mundilada ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Argentina, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan Keniya və Kamerun yığmaları mübarizə aparacaqlar. Yarışın püşkü isə dekabrda atılacaq.