SİZİN REKLAM BURADA

İştah diş altındadı

Rəhmətlik İsa Muğanna demişkən, zaman o zaman idi ki, yenicə həyatı dərk etməyə, ətrafımızda baş verənlərlə maraqlanmağa başlamışdıq. Müxtəlif yeniliklər girirdi həyatımıza... Sevgi kimi, dostluq kimi, futbol kimi...

 

Futbol kimi... Biz uşaq olanda həsrətlə baxırdıq xarici ölkələrin futboluna. Hərəmiz bir komandaya meyl salmışdıq. Boşluq o qədər çox idi ki, bizim futbolumuzda, ümidimizi, təsəllimizi əcnəbi ölkələrdə axtarırdıq.

 

“Qalatasaray”lı, “Milan”lı, “Yuventus”lu, “Barselona”lı... Bir az yaşlılar “Dinamo Kiyev”li, “Spartak”lı, “Lokomotiv”li... Ən yaxşı halda isə “Neftçi”li.

 

“Neftçi” deməyimə baxmayın, 90-cı illərdə paytaxt təmsilçisinin heç bir uğuru yox idi. Amma neyləyəsən ki, olanımız o idi...

 

Zaman elə, məhz o zaman idi ki, komandalarımız Avrokuboklarda bir qol vuranda sözün həqiqi mənasından papağımızı göyə atırdıq.

 

Nağıl dili yüyrək olar deyiblər, il ötdü, ay dolandı, bizim də üzümüzə gün doğdu. Azərbaycan futbolunda da bir canlanma yarandı. Artıq yalnızca qollara sevinmirdik, mərhələ də keçirdik, komandalarımızdan evdə qələbə, səfərdə heç-heçə, ən pis halda isə “şərəfli məğlubiyyət” tələb edirdik.

 

İştah diş altındadı deyiblər...

 

Zaman isə dayanmaq bilmirdi, axıb keçirdi su kimi. Bu gündü, sabahdı, o biri gündü deyərkən, bir də baxdıq ki, XXI əsrin artıq 10 ilini geridə qoymuşuq. Əldə isə Avrokuboklarda keçilmiş bir neçə mərhələdən başqa heç nə yoxdur.

 

Başladıq daha çoxunu tələb etməyə. İlk dəfə Avropa Liqasında qrup mərhələsində oynadıq. Ardınca qrup mərhələsi adi hal oldu. Növbəti hədəf qrupdan çıxmaq idi. Gözləyirdik, istəyirdik, amma...

 

İştahımız da günbəgün artırdı. Artıq gözümüzü planetin bir nömrəli klub turnirinə, milyonların sevimli yarışına, divlərin meydanına – Çempionlar Liqasına dikmişdik.

 

Gözləntilərimizin əsas sahibi də “Qarabağ” idi. Avroliqada qrup mərhələsini “su yoluna” çevirmiş ağdamlıların daha yüksək səhnədə “tamaşa göstərmək” vaxtı gəlib çatmışdı.

 

Son illər Azərbaycan futbolunun “üzünü ağardan” Qurban Qurbanovun “qvardiya”sı bu dəfə də üzümüzü güldürdü.

 

Təsəvvür edə bilirsiz? Bir zamanlar televiziyadan izlədiyimiz, “görəsən nə vaxtsa bizim də komandamız oralarda olacaqmı?” dediyimiz möhtəşəm yarış ölkəmizə, paytaxtmıza gəldi. O möhtəşəm musiqi – Çempionlar Liqasının himni Bakıdakı stadionlardan səmaya yüksəldi.

 

Təəssüf ki, bu möhtəşəm anları paytaxtımızda bu gün sonuncu dəfə yaşayacağıq. “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində sonuncu ev oyununa çıxacaq.

 

İlk dəfə çıxış etdiyi möhətşəm yarışda “Atletiko” kimi Avropa divini iki dəfə büdrədən və hələ də “boyundan yuxarı tullanmaq” şansı qalan Azərbaycanın çempionu Çempionlar Liqasında debüt oyununda uduzduğu “Çelsi” ilə qarşılaşır. İngiltərənin ən güclüsü kimi yarışa qatılan London klubu qarşısında “Qarabağ”ın hər zamankından daha çox dəstəyə ehtiyacı var.

 

Gün bu gündür, dostlar! Çempionlar Liqasında sonuncu ev sınağında “Qarabağ”ı yalnız buraxmayaq. Bəlkə bu, daha uğurlu bir yolun başlanğıcı olacaq, bəlkə də indiki yolun sonu, ancaq dəyişməyən bir şey var, bizə bu izaholunmaz gözəl hissləri, qürur duyğusunu və heç vaxt yaşamadığımız həyəcanı yaşadan komandamız üçün əlimizdən gələnin ən yaxşısını edək.

 

11 nəfər meydanda, 7 nəfər kənarda, 70 min də tribunada. Hamımız bir ürək olsaq, öhdəsindən gəlinməyəcək sınaq yoxdur.

 

Necə deyərlər, iştah diş altındadı.

 

Zaur XUDİYEV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10