[b]“Üstümə çox gəldilər” - Elnur Cəfərov[/b]
22.11.2017 - 15:24
[b]“Üstümə çox gəldilər” - Elnur Cəfərov[/b]

“Hazırda əvəzedici komandadayam. Həm də zədəm var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov deyib.

 

Meydandakı oyunundan çox, qalmaqallarla gündəmə gələn gənc futbolçu son olaraq U-21 yığmamızın düşərgəsində olarkən sosial şəbəkə vasitəsilə azarkeşi təhqir etdiyi üçün “Neftçi”nin əsas komandasından uzaqlaşdırılmışdı. Paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov isə Premyer Liqanın XII turunda “Qəbələ” (2:3) ilə matçdan sonra Elnurun qış fasiləsində 99 faiz yola salınacağını bildirmişdi.

 

Cəfərov da bu məsələdə məhz klubun söz sahibi olduğunu bildirib: “Tərlan müəllimin son fikirlərindən xəbərim yoxdu. Mənim “Neftçi” ilə müqavilə müddətim davam edir. Təbii ki, rəhbərlik istəsə qalacam. Əgər harasa icarəyə getməyimi məsləhət bilsələr, bununla da razılaşacam”.

 

20 yaşlı futbolçu baş verənləri təhlil etdiyini və bir qənaətə gəldiyini də sözlərinə əlavə edib: “Son olaylar psixoloji cəhətdən mənə təsir etdi. Üstümə çox gəldilər. Təbii ki, toparlanmaq asan deyil. Ancaq düşünürəm ki, bunu da geridə qoyacağam. Çünki hələ cəmi 20 yaşım var, karyeram irəlidədi. Bu hadisələrdən sonra özlüyümdə çox düşündüm, bir növ bunların müzakirəsini apardım. Amma gəldiyim qənaət özümdə qalsa yaxşıdı”.

 

Qeyd edək ki, U-21 millimizin AÇ-2019-un seçmə mərhələsində Almaniyaya 0:7 hesablı məğlubiyyətindən sonra bahalı avtomobildə gülə-gülə şəklini paylaşan Elnur Cəfərov bir neçə gün sonra çıxışından narazılıq bildirən azarkeşi sosial şəbəkə vasitəsilə təhqir edərək, onu söhbətə çağırmışdı.

0