[b]Konte: İkinci hissədə baş verənləri izah etmək çətindi[/b]
22.11.2017 - 23:40
[b]Konte: İkinci hissədə baş verənləri izah etmək çətindi[/b]

"Komandamın oyunundan məmnunam". Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Növbəti mərhələyə vəsiqə qazanıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.

 

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindi. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdı. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdı.

 

- Villianın çıxışından razı qaldınızmı?

- Mən adətən komanda haqda danışmağa üstünlük verirəm. Bu gün də rotasiya tətbiq edə bildim. Meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Villianın 2 qol vurması özünəinam hissini bərpa etməsi üçün yaxşı haldı.

 

- “Qarabağ” azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?

- Futbolçular üçün bu cür atmosferdə oynamaq xoş haldı. Hiss olunur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdı. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə şeylər vacibdi. Eyni zamanda, öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.

 

- Londondakı matçla müqayisədə bu gün “Qarabağ”ın oyununda hər hansı dəyişiklik hiss etdinizmi?

- “Qarabağ” ilk oyunda da özünü yaxşı təşkil olunmuş komanda kimi göstərmişdi. Məşqçi işi görünür. “Qarabağ”ın yaxşı baş məşqçisi var. Komanda öz oyun tərzinə malikdi. Bu gün 10 nəfərlə qaldıqdan sonra da “Qarabağ” təşkilatlanmış oyun göstərdi. Buna görə həmkarıma təşəkkür edirəm.

 

- “Atletiko”ya səfərdə qalib gəldikdən sonra çempionat matçında uduzmuşdunuz. Bu dəfə də eyni hal təkrarlana bilərmi?

- İngiltərə Premyer Liqası çox çətin çempionatdı. 6 komanda çempionluq uğrunda oynayır. Şikayət etmək istəmirəm. Amma Londona çatmaq üçün 5 saat yarımlıq yol gedəcəyik. Bu isə futbolçuları yoracaq. Özümüzə “Liverpul”la matçda qeydə alına biləcək uğursuz nəticə üçün bəraət qazandırmaq istəmirəm. Amma bu məsələyə fikir verilməlidi.


- “Liverpul” dünən “Sevilya” ilə 3:3 hesablı heç-heçə etdi. Bu görüşü izlədinizmi?

- İzlədim. “Liverpul” ilk hissədə “Sevilya”ya 3 qol vurdu. İkinci hissədə baş verənləri izah etmək isə çətindi. Futbol buna görə də qəribə oyundu. Onlarla oyunda da müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

0