Portuqaliyalı hakimlər tətilə hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliya Hakimlər Assosiasiyasından açıqlama verilib.
Bildirilib ki, əgər komandalar, məşqçilər və oyunçuların onlar haqqında şikayətləri davam edərsə, dekabr ayında tətil edərək oyunlara çıxmayacaqlar. Verilən bəyanatda qeyd olunub ki, futbol hakimlər meydanda və ondan kənarda haqqlarında çıxan hansısa kluba tərəfkeşlik şaiyələrinin bitməsini və oyunlarda məruz qaldıqları bu cür işarələrin sona çatmasını tələb edirlər.
Hakimlər həmçinin onlar haqqında danışan digər futbol təsərrüfatı işçilərinin cəzalandırılmasını və təhlükəsizlikləri ilə bağlı tədbirlərin yüksəldilməsini istəyirlər.
Əgər tələblər təmin olunmasa, dekabrın ortasında tətil başlayacaq. Tətilə bütün hakimlərin qoşulacağı gözlənilir.
Qeyd edək ki, Çempionlar Liqasının V turunda doğma meydanda “Çelsi” ilə qarşılaşan Azərbaycan çempionu “Qarabağ”ın oyununu da portuqaliyalı hakimlər idarə etmişdilər. Qarşılaşmanın baş hakimi Manuel De Souzanın matç ərzində verdiyi iki penalti və bir qırmızı vərəqə qərarları böyük narazılıqla qarşılanmış, referi yerli və dünya mediası tərəfindən sərt tənqid olunmuşdu.