[b]“Taleyimizi son tura saxlaya bilməzdik” – Qari Keyhill[/b]
24.11.2017 - 10:41
[b]“Taleyimizi son tura saxlaya bilməzdik” – Qari Keyhill[/b]

“Məqsədimiz qrup mərhələsini adlamaq idi ki, “Qarabağ”la matçda buna nail olduq. İşi son tura saxlamamağımız müsbət haldı”. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bunu “Çelsi”nin kapitanı Qari Keyhill deyib.

 

Çempionlar Liqasının V turunda “Qarabağ” üzərində 4:0 hesablı qələbə qazanaraq qrupda liderliyə yüksələn “zadəganlar” eyni zamanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Keyhill bununla vəzifələrinin öhdəsindən gəldiklərini bildirib.

 

32 yaşlı müdafiəçi “Atletiko” ilə son tur matçına da toxunub: “Bakıdakı görüşdə qələbə qazanmaq məcburiyyətində olduğumuzu bilirdik. Bunu bacardığımız üçün xoşbəxtik. Taleyimizi son tura saxlaya bilməzdik. Çünki belədə işimiz çox çətin olacaqdı. Çünki “Atletiko” kimi güclü rəqiblə qarşılaşacağıq. “Qarabağ”a qalib gəldiyimizdən, “Atletiko” ilə matçda üzərimizdə böyük təzyiq hiss etməyəcəyik. Qrupu tamamlamaq üçün hələ bir işimiz də var ki, bunu iki həftə sonra gerçəkləşdirəcəyik. Amma “Qarabağ”a qalib gəlmək bizə müəyyən üstünlük qazandırdı”.

 

Keyhill uzun fasilədən sonra kollektivə qoşulan və Bakı Olimpiya Stadionundakı qarşılaşmada meydana çıxan komanda yoldaşı David Luiz haqda da fikir bildirib. İngiltərə millisinin üzvü “sambaçı”nın gənc müdafiəçiləri Andreas Kristensenə böyük köməyinin dəyəcəyini düşünür: “David Luiz “Qarabağ”la matçda geri döndü və çox yaxşı oyun nümayiş etdirdi. Andreas Kristensen isə onun kiçik versiyasıdı. Hesab edirəm ki, Andreasın inkişafına Davidin böyük köməyi dəyə bilər. Çünki məhz Luiz burda yüksək səviyyədə çıxış edib və kuboklar qazanıb. David çox təcrübəlidi, Andreasla oxşar xüsusiyyətdədi”.

 

Qeyd edək ki, son tur öncəsi “Çelsi” 10 xalla C qrupuna başçılıq edir. “Roma”nın 8, “Atletiko”nun 6, “Qarabağ”ın isə aktivində 2 xal var.

0