[b]Qış çempionunu müəyyənləşdirə biləcək tur[/b]
24.11.2017 - 12:00
[b]Qış çempionunu müəyyənləşdirə biləcək tur[/b]

Sabah Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısının sonuncudan əvvəlki turu iki gün davam edəcək.

 

İlk oyun günü Gəncədə keçiriləcək qarşılaşma ilə başlayacaq. Çempionatın autsayderi “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Görüş Yunis Hüseynovun Gəncə təmsilçisinin baş məşqçisi postunda debütü ilə əlamətdar olacaq. Şahin Diniyevin istefasından sonra ilk qarşılaşmasına çıxacaq qərblilər yeni çalışdırıcı ilə xal qazanmaq üçün mübarizə aparacaq. Son pilləni tərk etməyə iddialı olan meydan sahibləri səfərdə qalib gəldiyi rəqibi yenə büdrətmək əzmindədi.

 

“Qəbələ” isə həmin məğlubiyyətin əvəzini çıxmalıdı. Çünki “qırmızı-qaralar” xal itirsə, liderlərdən uzaq düşəcək. Bu, həm də qış çempionunun adını rəsmiləşməsi üçün yetərli ola bilər. “Qəbələ” xal itirsə, “Qarabağ” qələbə ilə qış fasiləsinə lider kimi yollanacaq.

 

Ağdam klubu turun son matçında ən yaxın izləyicisi “Zirə”ni sınağa çəkəcək. Ehtiyatda bir oyunu da olan Qurban Qurbanovun yetirmələri ilin son turu baş tutmadan ilk yarının qalibi adını təmin etmək şansı qazanıb. Bunun üçün Gəncədəki nəticəni gözləyən “Qarabağ”ın özü də heç vaxt uduzmadığı, amma son iki görüşdə heç-heçə etdiyi “Zirə”nin müqavimətini qırmalıdı.

 

Paytaxt təmsilçisi isə sindromu qırmaq üçün meydana çıxacaq. Heç vaxt məğlub etmədiyi rəqibə ilk zərbəni vurmaq üçün alışıb-yanan Ayxan Abbasovun yetirmələri sensasiya edə bilsə, zirvəni də ələ keçirəcək. Məğlubiyyət isə 2-ci pillənin də əldən getməsi ilə nəticələnəcək. Çünki “Qəbələ”nin Gəncə səfərində xal itirməsi əslində inandırıcı görünmür.

 

Son turların uğursuzları paytaxt derbisində üz-üzə gələcək. “Neftçi” və “Keşlə” uğursuzluq zolağından qurtulmaq üçün 8-ci km qəsəbə stadionuna çıxacaq. “Ağ-qaralar” ardıcıl 2 məğlubiyyətdən sonra durumunu yaxşılaşdırmaq, 5-ci pilləni itirmək təhlükəsindən uzaqlaşmaq üçün qalib gəlməlidi. Tərlan Əhmədovun yetirmələri 3 xal qazanmasa, ya mövqeyini əldən verəcək, ya da 4-cü pillədən daha uzaq düşəcək.

 

“Keşlə” isə 6 matçlıq məğlubiyyət antirekordunu qırsa, Ramiz Məmmədovla ilk xalını qazanacaq. Son sıralarda qərarlaşan komanda “Kəpəz”dən uzaqlaşmaq, zirzəmiyə yuvarlanmamaq üçün qalib gəlməlidi.

 

“Neftçi”nin turnir cədvəlindəki qonşuları Sumqayıtda üz-üzə gələcək. Hələ də heç-heçə etməyən “Səbail” “ağ-qaralar2ın büdrəməsini gözləyib, onları keçmək üçün qalib gəlməyə borcludu. Samir Əliyevin yetirmələri bununla həm də avrokubok zonasına yaxınlaşacaq.

 

“Sumqayıt” da “ağ-qaralar”dan uzaqlaşmaq, ilk “üçlüy”ə yaxınlaşmaq üçün doğma azarkeşlər önündə qələbəyə məhkumdu. Mövqeyini əldən vermək təhlükəsi olan Samir Abasovun yetirmələri ilin son ev sınağından maksimum nəticə əldə etməlidi.

 

Azərbaycan Premyer Liqası

XIII tur
25 noyabr (şənbə)


14:30. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”
8-ci km qəsəbə stadionu


26 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Səbail”
Sumqayıt şəhər stadionu


18:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

 

1.

Qarabağ

11

9

1

1

19-4

28

2.

Zirə

12

8

3

1

20-8

27

3.

Qəbələ

12

8

1

3

19-13

25

4.

Sumqayıt

12

5

1

6

14-17

16

5.

Neftçi

12

4

1

7

14-14

13

6

Səbail

11

4

0

7

9-18

12

7.

Keşlə

12

2

2

8

8-19

8

8.

Kəpəz

12

2

1

9

9-20

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.

0