[b]Yunis Hüseynovun gözlədiyi gün[/b]
24.11.2017 - 15:22
[b]Yunis Hüseynovun gözlədiyi gün[/b]

Azərbaycan Premyer Liqasının XIII turu Yunis Hüseynovun “Kəpəz”in baş məşqçisi postunda debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis uzun fasilədən sonra ölkə çempionatına komanda çıxaracaq.

 

Bu, Gəncə təmsilçisinin “Qəbələ” ilə ev oyununda rəsmiləşəcək. Autsayderi çətin vəziyyətdən çıxarmalı olan Hüseynov 2 ilə yaxın sürən fasilədən sonra yenidən Premyer Liqa həyəcanı yaşayacaq.

 

Hüseynov üçün sonuncu belə qarşılaşma 2015/16 mövsümünə təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran”ı çalışdıran mütəxəssis qış fasiləsi öncəsi postundan istefa vermişdi. Baş məşqçinin postundakı son qarşılaşması isə 2015-ci il dekabrın 20-də baş tutub.

 

Həmin gün Hüseynovun baş məşqçisi olduğu “Xəzər Lənkəran” “İnter”in, yəni indiki “Keşlə”nin qonağı olub. Bakıda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

 

Həmin oyundan 706 gün sonra yenidən Premyer Liqada iş başında olacaq Hüseynov ilk dueldə əcnəbi həmkarı ilə qarşılaşacaq. Gürcüstanlı Zaur Svanadzenin yetirmələrinə 0:2 hesabı ilə uduzduqsan sonra postunu tərk edən Hüseynov yeni komanda ilə ukraynalı Roman Qriqorçukla duelə çıxacaq.

 

Ümumiyyətlə isə 52 yaşlı mütəxəssis 4-cü komanda ilə Premyer Liqa həyəcanı yaşayacaq. O, indiyədək “Karvan”, “Standard” və “Xəzər Lənkəran”ı çalışdırıb. “Kəpəz” əvvəlki komandalardan onunla fərqlənir ki, Hüseynov karyerasında ilk dəfə futbolçu kimi də şərəfini qoruduğu kluba rəhbərlik edəcək. Əvvəlki üç klubu onun futbolçu karyerasını bitirdiyindən sonra yaranıb və tarixin də yaddaşına köçüb. Mütəxəssis indi çalışdırdığı “Kəpəz”ə 1998-99 və 2000-01-ci illərdə futbolçu kimi xidmət edib.

 

 

0