[b]Tarixi hadisənin 50 illiyi - FOTOSESSİYA[/b]
04.12.2017 - 14:06
[b]Tarixi hadisənin 50 illiyi - FOTOSESSİYA[/b]

"Dinamo" Kirovabadın SSRİ çempionatının Yüksək Liqasına vəsiqə qazanmasının 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Apasport.az saytı xəbər verir ki, tədbir Gəncənin sayılıb-seçilən otellərindən olan "Ramada Plaza"da baş tutub.

 

Ziyafətin "Kəpəz" zalında reallaşması isə xüsusi istəyin nəticəsi olaraq rəmzi xarakter daşıyıb. Məclis məkanı klubun sarı-göy rənglərinə uyğun bayraqlar və şarlarla bəzədilib. 

 

Yubiley axşamında "Kəpəz" PFK-nın rəhbərliyi, tarixi hadisənin qəhrəmanları, eləcə də digər illərdə komandada çıxış etmiş veteran futbolçular, hazırkı heyətin üzvləri və Bakıdan gələn tanınmış futbol adamları iştirak edib. 

 

Ziyafətdən öncə qonaqlar foyedə Gəncə klubunun tarixi uğurlarını əks etdirən və nadir fotoları özündə cəmləyən sərgi ilə tanış olublar. Sərgidə yubiley iştirakçılarının marağına səbəb olan 20-dən çox şəkil nümayiş olunub. 

 

Tədbirin əvvəlində "Dinamo"nun uzaq 1967-ci ildəki uğurundan bəhs edən videoçarx nümayiş olunub. Daha sonra çıxışlara yer verilib. Klubumuzun Müşahidə Şurasının (MŞ) sədri Elmir Vəliyev yubilyarları təbrik edərək, "Dinamo" Kirovabadın 50 il öncə imza atdığı nəticənin tək Gəncə yox, həm də Azərbaycan futbolu üçün böyük tarixi nailiyyət olduğunu bildirib: "Dinamo”çuların 1967-ci ildə imza atdığı uğur SSRİ zamanında futbolumuzun tarixinə qızıl hərflərlə yazılan dövr olub. Bu, bizi olduqca sevindirir, qürürlandırır və yeni-yeni qələbələr üçün ruh verir".

 

Çıxışından sonra MŞ-nın sədri Müzəffər Qasımov, Nurəddin Əliyev, Ravil Batrayev və Zakir Süleymanovu diplomlarla təltif edib. 

 

AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov və digərləri də təbriklərə qoşularaq yubilyarlara xatirə hədiyyələrini təqdim ediblər. 

 

Tədbirdə viktorina da keçirilib. Tarixi uğurla bağlı səslənən suallara jurnalistlər düzgün cavablar verərək hədiyyələr qazanıblar. 

 

Yubiley mərasimi üzərində "Kəpəz"in loqosu olan böyük tortun kəsilməsi ilə başa çatıb.

 

Mənbə: kapazpfc.az

0