[b]Bu sevgim də daşa dəydi[/b]
10.12.2017 - 14:35
[b]Bu sevgim də daşa dəydi[/b]

Necə deyib şair?

 

- Bu sevgim də daşa dəydi,

  Daş düşsün daşın başına...

 

Futbol haqqında danışacam. Çoxumuzun həyatında önəmli rol oynamış milyonların sevimlisi olan oyun haqqında. Bəribaşdan deyim, ürəyi zəif olanlar yanlarına valerian qoysunlar. Əhvalınızı bir az kövrək notlara kökləyəcəm.

 

Hələ lap uşaqlıqdan başlayıb top oyununa olan sevgimiz. Məhəllənin beş-on nəfər həmyaşıd uşaqları sabahdan-axşama top qovurduq yorulmadan. Yıxılırdıq da, qolumuz da əzilirdi, üzümüz də cırılırdı, ancaq heç nə bizi bu sevgimizdən döndərə bilmirdi.

 

Qum, asfalt, torpaq demirdik, boş yer görən kimi iki daşı yan-yana qoyub qapı düzəldirdik və başlayırdıq, nə başlayırdıq. Sevirdik bu oyunu. Hətta valideynlərimizin bütün qınaqlarına, danlaqlarına rəğmən vaz keçə bilmirdik.

 

 

Elə gözəl xatirələrim var ki, uşaqlıqda futbol oynamağımla bağlı...

 

Musiqi məktəbinə oxuyurdum guya. Ancaq həm məktəb, həm musiqi olan günlər futbola vaxt qalmadığı üçün evdən o adla çıxıb stadiona gedirdim. Bir gün oyundan qayıdanda, musiqi müəllimimi evimizdə gördüm. O gün aydın olmuşdu ki, mən düz 3 aydır evdən musiqiyə yox, futbola gedirmişəm. Danlandım yaxşıca, bir-iki kötək də yemişdim, ancaq bunlar yetərdimi bizi ən sevimli məşğuliyyətimizdən vaz keçirməyə?

 

 

***

 

Binamızın qabağındakı uşaq xəstəxanası... Asfalt həyəti ən sevimli meydançamız idi. Xüsusilə, həftənin bazar günləri, həkimlər işdə olmayanda ora yığışırdıq. Başqa məhəllələrlə prinsipial oyunlarımızı bazar gününə təyin eləyib, orda oynayırdıq. Bir gün xəstəxananın şüşəsini qırdı mənim ayağımdan çıxan top. Qarovulu çağırdıq, aramızda “atışıb” pul düzəldib verdik ki, məsələ böyüyüb evdəkilərə çatmasın. Qarovul da verdiyimiz pula araq alıb içmişdi, şüşə də qalmışdı eləcə. Yenə hər şeyi evdə bildilər, yenə danlandıq, ancaq yenə də vaz keçmədik...

 

 

***

 

Gülxanım xala var idi. Binanın qabağında özünə bağ yeri götürmüşdü, hasarlatmışdı ətrafını. Tez-tez ora düşərdi topumuz. Bir neçə dəfə deyinə-deyinə qaytarmışdı, sonra tapşırdı ki, topunuz düşüb göyərtilərimi əzir. Bir də düşsə, cıracam. Tərslikdən elə həmin gün yenə düşmədimi? Getdik uşaqlarla, xahiş elədik, ancaq qaytarmadı, dedi kəsmişəm. Heç olmasa, kəsiyini ver dedik, o vaxt “iki məmmədə” olan rezin toplar var idi, alıb cırıq “pakraşka”nın içinə qoyurduq, bir müddət oynamaq olurdu. Kəsiyini də vermədi. Sonra bir gün gördüm ki, nəvəsi oynayır o topla həyətdə. Qaşla göz arasında götürüb qaçmışdım topu.

 

 

Buyaxınlarda binaların önündəki qeyri-qanuni bağ yerləri söküləndə ən çox buna görə sevinmişdim. Heç olmasa, indiki uşaqların topları düşməz kiminsə bağçasına. Düşməz bəlkə də, amma indikilər həyətdə top oynamırlar ki. İndiki uşaqların futbol əyləncəsi “Play Station” olub. Evdən 1-2 manat alan özünü oyun salonuna verir. Artıq həyətlərdə o qışqırığın, sevincin, dava-dalaşın səsi gəlmir. Oynayanlar da ki, rahat xalça örtüklü meydançalarda, saatı nə bilim neçəyə oynayırlar. Əslində, bu gənclərin rahatlığı üçün yaxşıdır. Sağlamlıq üçün çox gözəl şəraitdir. Ancaq niyəsə, mənə elə gəlir ki, daşda, torpaqda, ən yaxşı halda asfaltda futbol oynamamış adamın futbola baxışı, sevgisi nəsə bir az fərqli olur.

 

...Və bugünkü futbol. Biznesin, böyük pulların, maliyyə maxinasiyalarının, totalizator kontorlarının hər şeyi həll elədiyi indiki futbola günbəgün daha yaxın olduqca anlayıram ki, mənim uşaqlıqdan sevdiyim futbol bu deyil. Mənim uşaqlıq sevgim daşa dəyib. İndi izlədiyimiz futbol isə sadəcə, ovunmaq üçün bir vasitədir.

 

...Şair yaxşı deyib:

Bu sevgim də daşa dəydi...

 

Zaur XUDİYEV

 

Fotolar: Elvin Bayramlı, lent.az

0