[b]Samir Zərgərov: Ümid həmişə sonda ölür – MÜSAHİBƏ[/b]
10.12.2017 - 17:22
[b]Samir Zərgərov: Ümid həmişə sonda ölür – MÜSAHİBƏ[/b]

Ölkə Kubokunun 1/4 final mərhələsi ilk oyununda öz meydanında “Kəpəz”lə qarşılaşan “İnter” 2:0 hesablı qələbəyə sevinib. Matçdan jurnalistlərə açıqlama verən paytaxt təmsilçisinin oyunçusu Samir Zərgərov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbə haqqında nə deyə bilərsən? Bu, sizə növbəti mərhələyə keçmək üçün bəs edəcəkmi?

- Qələbə qazansaq da, arxayınlaşmaq olmaz. Özüm də Gəncə klublarında çıxış etmişəm, hamı bilir ki, Gəncədə səfər oyununa çıxmaq çox çətindi. Orda rahat oynamaq üçün gərək 3:0, 4:0 hesablı qələbə ilə gedəsən. Bu gün 2 qol vura bildik, çalışacağıq ki, orda bu gün birinci hissədə çıxış etdiyimiz kimi oynayaq.

 

- İkinci hissədə komanda niyə çox hücumlara çıxmadı?

- İlk hissədə hücumda idik, ikinci yarıda isə geri çəkilməli olduq. Bunu komanda ilə birlikdə oyunun təkrarına baxıb analiz edəcəyik.

 

- Əgər cavab oyununda rəqib 2:0 önə keçsə, yəqin ki, bu gün əldən verdiyiniz epizodlara çox təəssüflənəcəksiniz...

- Əlbəttə, indi də təəssüflənirik, ancaq inanmıram ki, bizim səfərdə heç bir imkanımız olmasın. Orda da fürsət düşəcək və ondan yararlanmağa çalışacağıq.

 

- Komanda indi bütün gücü ilə oynayır?

- Bizim həmişə öz gücümüzlə oynamışıq. Yaxşı yerlər uğrunda mübarizə aparmışıq. Bu il müəyyən dəyişikliklər oldu, amma gələcəkdə hər şey yaxşı olacaq.

 

- Məlum söhbətləri unuda bilmisiz?

- Komanda olaraq bir ailə kimiyik. Evimizdən çox burda oluruq. Ailədən də kimsə gedəndə uzun müddət yeri boş görünür, onlara görə narahatam. Arzulayıram ki, cəzalarını aşağı salsınlar. Onların belə hərəkət etdiklərini eşidəndə şoka düşmüşdüm. İnanmıram ki, belə iş görsünlər. Danışmışıq, əlaqə saxlamışıq.

 

- Ümid yeri var onlar üçün?

- Ümid həmişə sonda ölür. Gözləmək lazımdı.

0