[b]“Komandanın oyununu o qədər bəyəndim ki...” – Roman Qriqorçuk[/b]
11.12.2017 - 18:52
[b]“Komandanın oyununu o qədər bəyəndim ki...” – Roman Qriqorçuk[/b]

“Oyundan razı qaldım. Ümumiyyətlə, son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk matçında “Səbail”i qəbul edən “qırmızı-qaralar” 1:0 hesablı qələbə qazanıb.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis az qol vurmaqdan gileylənib: “Təəssüf ki, bu gün daha çox qol vura bilmədik. Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam. Rəqibin cavab matçında necə çıxış edəcəyini indidən deyə bilmərəm. “Səbail” yaxşı komandadı və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçın təhlili vacibdi ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək”.

 

Futbolçuların çıxışına toxunan Qriqorçuk, xüsusən də, kapitan Cavid Hüseynova çox güvəndiyini söyləyib: “Cavid Hüseynovu ən yaxşı azərbaycanlı futbolçulardan biri sayıram. Ona inanıram və əminəm ki, daha yaxşı oynayacaq. Bunun üçün ona vaxt lazımdı. Mən Cavidin həm “Qəbələ”, həm Azərbaycan millisinə hələ çox fayda verəcəyinə əminəm. Tellur Mütəllimov üzərində çox çalışır. Biz də ona kömək etmək istəyirik. Amma həmişəki prinsipimizlə meydana ən hazırlıqlı futbolçular çıxır. Bu gün isə komandanın oyununu o qədər bəyəndim ki, dəyişikliyə ehtiyac duymadım. Belə heyətin daha çox meydanda olmasını istədim. Əlbəttə ki, Tellura inanırıq. O, potensiallı futbolçudu. Onun üzləşdiklərindən düzgün nəticə çıxardığını görürəm. Komandadan kimlərin gedəcəyi barədə heç bir dəqiq məlumatım olmadığı üçün sizə də deyə bilmərəm”.

0