[b]Nika Kvekveskiri: Gürcüstan millinizə qarşı əsas heyətlə oynamayacaq[/b]
12.12.2017 - 12:01
[b]Nika Kvekveskiri: Gürcüstan millinizə qarşı əsas heyətlə oynamayacaq[/b]

“İnter” və “Qəbələ”nin sabiq futbolçusu, hazırda Qazaxıstanın “Tobol” klubunda çıxış edən, Gürcüstan yığmasının yarımmüdafiəçisi Nika Kvekveskirinin apasport.az saytına müsahibəsi

 

- Azərbaycan və Gürcüstan yığmaları fevralın 2-də Antalyada yoxlama matçında üz-üzə gələcəklər. Sabiq komanda yoldaşlarınız və bizim çempionatda rəqib qismində çıxış etdiyiniz futbolçularla yenidən görüşmək imkanı yaranıb...

- Bəli, xəbərim var. Bunu biləndə çox sevindim. Azərbaycan millisinə qarşı oynamaq mənim üçün həmişə maraqlı olub. Ölkəniz mənə doğmalaşıb. Orda çoxlu futbolçu dostlarım var. Azərbaycanda çıxış edən oyunçuların, demək olar ki, hamısı ilə tanışam. Onlarla yenidən meydanda görüşməyi çox istərdim.

 

- Bu görüş FİFA-nın beynəlxalq yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş “pəncərə”sinə daxil deyil. Deməli, klublar futbolçularını yığmaların düşərgəsinə buraxmamaq hüququna da malikdi. Formasını geyindiyiniz “Tobol” sizə belə bir problem yarada bilərmi?

- Yaxşı məsələyə toxundunuz. Əfsuslar olsun ki, Azərbaycan yığmasına qarşı oyunda iştirak edib-etməyəcəyim məndən və Gürcüstan Futbol Federasiyasından asılı deyil. Bu qərarı “Tobol” verəcək. Oyun fevralın 2-də keçiriləcəyindən, klub məni buraxmamaq haqqına sahibdi. Həmin vaxt “Tobol”un da toplanışı olacaq. Təbii ki, rəhbərlikdən məni yığmanın düşərgəsinə buraxmağı xahiş edəcəm. Buna razılaşacaqlarına ümidliyəm.

 

- Ümumiyyətlə, bu oyun hər iki yığmaya nə verə bilər?

- Səhv etmirəmsə, Gürcüstanla matç Qurban Qurbanovun Azərbaycan yığmasının baş məşqçisi postunda debüt görüşü olacaq. Bu, futbolçulara özlərini yeni çalışdırıcıya göstərmək, millidə oynamağa layiq olduqlarını sübut etmək baxımından əlavə motivasiya verəcək. Bizə gəlincə, yəqin ki, yığmamız həmin oyunu əsas heyətlə keçirməyəcək. Çünki Gürcüstan millisinin əksər üzvləri legioner həyatı yaşayırlar. İstənilən halda, Azərbaycanla matç Millətlər Liqasına hazırlıq baxımından çox faydalıdı.

 

- Yeri gəlmişkən, Qurban Qurbanovun millimizin baş məşqçisi təyin olunmasını necə qarşıladınız?

- Fakt budu ki, Qurbanov Azərbaycanın ən yaxşı məşqçisidi. Onun öz oyun tərzi, futbolçular arasında avtoriteti var. Azarkeşlər və media da Qurbanova hörmətlə yanaşır. Ona yeni işində uğurlar arzulayıram, amma bizimlə matçda yox (gülür).

 

- Gürcüstan və Azərbaycan yığmasının Millətlər Liqasındakı şansını necə dəyərləndirirsiz və turnirin favoriti qismində hansı komandanı görürsüz?

- Bu elə bir spesifik turnirdi ki, kimisə favorit adlandırmaq çətindi. Millətlər Liqasında iştirak edəcək bütün milli komandalar yaxşı şans əldə ediblər və hər biri meydanda sona qədər mübarizə aparacaq. Buna görə də, kimisə favorit saymaq mümkün deyil. Ümid edirəm ki, Gürcüstan və Azərbaycan yığmalarının fevraldan sonrakı oyunu Millətlər Liqasının finalında baş tutacaq (gülür). Təki istəyim həyata keçsin və kim güclüdüsə, o da qalib gəlsin.

 

Tengiz MƏMMƏDOV

0