[b]“Rəşad Sadıqova çətin olacaq” - Samir Ələkbərov[/b]
12.12.2017 - 17:42
[b]“Rəşad Sadıqova çətin olacaq” - Samir Ələkbərov[/b]

21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi, hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə çalışan Samir Ələkbərovun apasport.az saytına müsahibəsi

 

- U-21 yığmasından ayrılarkən verdiyiniz müsahibədə “Məni gic elədilər, bundan sonra başıma hava gələ bilər” demişdiniz. Özünüzə gələ bilmisinizmi?

- Ağır və sabit olaraq qalır (gülür). Həmin vaxt qalmaqalı mən yaratmadım. Həmin müsahibədə bəzi məsələlər üzə çıxdı. Kiminsə xoşuna gəldi, kiminsə gəlmədi... Burda elə ciddi bir şey olmadı. Cinayət işi qaldırılmayıb, adam tutdurmamışam. Olan şeyi demişəm. Kimin xoşuna gəlmirsə, özü bilər.

 

- Həmin qalmaqallı müsahibədən sonra futbol ictimaiyyətinin sizə münasibəti necə oldu?

- Görüşüb, söhbətləşirik. Bilirdilər ki, Almaniyaya qarşı oynamaq çətindi. Mən Kosovonu məğlub edə bilmədiyim üçün özümü bağışlaya bilmirəm. Kosovoya qalib gələcəyimizə söz vermişdim. Almanlarla müqayisə olunmağımız doğru olmaz. Mən siyasət adamı deyiləm, amma onlardan xoşum gəlmir.

 

- U-21 yığmamıza Rəşad Sadıqovun təyinatı gözlənilir. Sizcə, təcrübəli mütəxəssislərin baş açmadığı komandada Sadıqov iş görə biləcəkmi?

- Bütün yığmalarımıza yeni gələn məşqçilərə uğurlar arzulayıram. Rəşad oynadığı vaxtda da lider idi. Robert Prosineçki də demişdi ki, Rəşadın futbolçulara verdiyi motivasiyanı heç məşqçi verə bilmir. İnanıram ki, Rəşad düzəldər. Ancaq ona da vaxt lazımdı.

 

- Razısız ki, U-21-də çalışmaq digər yığmalarda işləməkdən çətindi?

- Doğrudu. 17-19 yaş dövründəki futbolçuları bağışlamaq olar. Amma 21 yaş artıq böyük futboldu. Bizim 21 yaşadək oyunçularımız öz klublarının əvəzedici komandalarında çıxış edirlər ki, bu baxımdan geri qalırıq. Hələ limit var, tək-tək oyunçu tapırıq. Bəzən komandada bir mövqedə 5 oyunçu olur, birinə isə oyunçu tapa bilmirsən. Rəşad Sadıqov “Qarabağ”ın U-19 komandasında işləyib, futbolçuları artıq tanıyır. Onlar da gələcəyin U-21 komandasıdı. Yəni Rəşadın əlinin altında gələcəyin komandası var.

 

- Sizcə, yaxın gələcəkdə Azərbaycan futbolunu xilas edəcək oyunçu nəsli varmı?

- (gülür). Deyəsən, Rəşad özü bu yaxınlarda müsahibəsində demişdi ki, öz mövqeyində uzun illərdi müdafiəçi üzə çıxmır. Əlbəttə ki, onun üçün çətin olacaq. O ki qaldı sualınıza, buna 17-19 yaşlılardan ibarət komandalarda çalışanlar daha yaxşı cavab verə bilərlər. Mən “Mançester Yunayted Futbol Məktəbi”ndə 2004-cü illərlə çalışıram. Deməliyəm ki, “Qəbələ”, “Vətən” və “Neftçi”də kifayət qədər istedadlı oyunçular var. Amma həmin uşaqlar o yaşa çatandan sonra niyə geriləyirlər, bu, mənim özümə də maraqlıdı. Kim deyirsə yoxdu, düz danışmır. Klubların aşağı yaş qrupları ilə görüşürük. Çox olmasa da, var.

 

Ruslan SADIQOV

0