[b]Zaur Həşimovun komandaları dağılır[/b]
13.12.2017 - 10:55
[b]Zaur Həşimovun komandaları dağılır[/b]

Azərbaycanda yeni komandalar yaradılır. Apasport.az saytının məlumatına görə, AFFA-nın bu gün rəsmən açıqladığı qərarda U-20 və U-18 komandasının formalaşdırılması nəzərdə tutulub.

 

Heç bir rəsmi turnirdə, seçmə mərhələdə oynamayacaq bu yığmaların əsas məqsədi daha yuxarı komandalara, U-18-in U-19-a, U-20-nin U-21-ə futbolçu hazırlamaq, eyni zamanda U-17 və U-19 karyerası başa çatanların oyun praktikasını itirməməsinə xidmət etməkdi. Düzdü, indiyədək Azərbaycanda belə komandaya ehtiyac duyulmayıb. AFFA bu addımı indiyədək lazımsız sayıb. Amma bir çox ölkələrdə belə komanda mövcuddu.

 

Ən maraqlısı isə yeni millilərin baş məşqçi təyinatı ilə bağlıdı. O qədər böyük əhəmiyyət kəsb etməyən, 2-ci, hətta 3-cü dərəcəli olan bu yığmalara çalışdırıcı təyinatına fərqli prizmadan yanaşılıb.

 

U-20 elə U-21-i çalışdıracaq Rəşad Sadıqova tapşırılıb. Əslində, bir komandası üçün ehtiyat qüvvənin hazırlanmasına da eyni məşqçinin nəzarət etməsi düzgün sayıla bilər. Amma U-18-ə fərqli yanaşılıb. Bu komandanın baş məşqçiliyi U-19-un çalışdırıcısına deyil, başqasına həvalə olunub. Zaur Həşimovun gözlənilmədən bu ikinci dərəcəli yığmaya təyinatı maraq doğurur.

 

36 yaşlı çalışdırıcı məşqçi kimi ciddi təcrübəyə malik olması ilə öyünə bilməz. 2014-cü ildə futbolçu karyerasını başa vuran Həşimov “Qarabağ”ın aşağı yaş qruplarında çalışıb və 2016-cı ildən “Zirə”nin əsas komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

 

1981-ci ildə Sumqayıtda anadan olan Həşimov parlaq futbolçu karyerası ilə də seçilməyib. 1998-ci ildə U-18 adlanan “Şəfa”ya cəlb olunan müdafiəçi 3 il bu komandada çıxış edib. O, ilk titulunu – ölkə kubokunu da bu klubla qazanıb. 2001-ci ildə “Xəzər Universiteti”nə (sonrakı “İnter”, indiki “Keşlə”) keçən Həşimov karyerasının ən yaxşı illərini bu komandada keçirib.

 

2007-ci ilədək oynadığı paytaxt klubundan Azərbaycan millisinə də dəvət alan müdafiəçi ölkənin əsas komandasında 19 matç keçirib. 10 il öncə “MKT-Araz”la anlaşan futbolçunun ayağı İmişli klubuna düşməyib. Onun debütü UEFA kubokunda gerçəkləşsə də, klubunun dağılmasına şahid olub. Belə vəziyyətdə “Xəzər Lənkəran”a üz tutan müdafiəçi bölgə klubunda duruş gətirməyib və tezliklə paytaxta dönüb. Bakıda məskunlaşan Ağdam “Qarabağ”ına keçən futbolçu 2008-12-ci illərdə burada çıxış edib. İki bürünc medal qazanan Zaur çempionatlarda bundan yüksək uğur qazana bilməyib.

 

Qurban Qurbanovun rəhbərliyi altında oynadığı vaxt qeyri-sabit çıxışı ilə diqqət çəkən Həşimov qalmaqaldan da uzaq olmayıb. 2009-cu ildə baş tutan oyunların birində komanda yoldaşı Fərhad Vəliyevlə az qala əlbəyaxa olan müdafiəçi hərəkətləri ilə Qurbanovun da qəzəbinə tuş gəlmişdi. Komandasında intizamı hər şeydən öndə görən mütəxəssis elə matçdan sonra həm Zaur, həm Fərhadı cəzalandıracağını açıqlamışdı.

 

Həmin vaxt məşqçisinin cəzalandırdığı müdafiəçi 8 ildən sonra məhz Qurbanovun təşəbbüsü ilə milli komanda səviyyəsində çalışdırıcılığa gətirilib. Həşimovun oyunçu karyerası isə “Sumqayıt”da başa çatıb. Əksər sabiq milli üzvləri kimi karyerasının sonunu bu klubda keçirən müdafiəçi 2012-14-cü illərdə bu komandanın formasını geyinib.

 

0