[b]Orxan Hüseynzadə: 5-6 klubdan təklif gəlsə...[/b]
13.12.2017 - 11:54
[b]Orxan Hüseynzadə: 5-6 klubdan təklif gəlsə...[/b]

Klublar Komitəsinin yeni sədri seçilən “Neftçi”nin prezidenti Orxan Hüseynzadə jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Hüseynzadə maraqlı fikirlər səsləndirib.

 

- Bu təyinat sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Bir az gözlənilməz oldu. Biz elə bilirdik ki, Kamran Quliyev sədr kimi fəaliyyətini davam etdirəcək. Amma hamı mənə səs verdi. Çalışacam ki, gələn il Klublar Komitəsinin çəkisini bir az artıraq, komitə güclənsin və səsimizi həm AFFA, həm də PFL eşitsin. Klub futbolumuzun inkişafı üçün əlimizdən gələni edəcəyik.

 

- Komitənin çəkisini artırmaq üçün nələr edəcəksiz?

- Problemlər çoxdu. İstəyirik ki, onlar aradan qaldırılsın. Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var. Onları tez bir zamanda həll etməyə çalışacağıq.

 

- Sanki klublar özləri bəzən bu komitəyə etinasız yanaşırlar. Olub ki, iclasa 3-4-cü dərəcəli şəxsləri göndəriblər...

- Biz iclasları elə vaxta təyin edəcəyik ki, hamı – klub prezidentləri, icraçı direktorları gələ bilsin və klublar ən yüksək səviyyədə təmsil olunsunlar. Bununla komitənin nüfuzu daha da artar.

 

- Bütün klubların nümayəndələrinin sizin lehinizə səs verməsini necə qarşıladınız?

- “Neftçi”nin üzvü bu vaxta qədər Klublar Komitəsində sədrlik etməmişdi. Etimad göstəriblərsə, sağ olsunlar. Biz də etimadı doğrultmağa çalışacağıq.

 

- Klublar Komitəsi son 1 ildə passivliklə yadda qaldı, iclasların sayı az oldu...

- Proqramda elə idi ki, klublar ildə 4 dəfə görüşsün. Problemlər artsa, ehtiyac olsa, daha tez yığılacağıq.

 

- Komitənin yeni ildə ilk iclası Antalyada olacaq. Bütün klubların nümayəndələrinin həmin vaxt Türkiyədə olacağını və toplantıya gələcəyini düşünürsüz?

- Məncə, olacaq. Əgər millinin fevralın 2-də keçirəcəyi oyunu təsdiqlənsə, həmin gün 2-3 saatlıq görüşsək, sonra bir yerdə futbola da baxa bilərik. Fikrimcə, hamı gələr.

 

- Düşündüyünüz hansısa bir məsələ varmı ki, KK-nin sədri seçiləndən sonra onu qabartmağı fikirləşirsiz?

- Xeyr. Düşündüyümüz məsələlərin çoxu həllini tapdı. Əsas 3-4 problem var idi. Bunlardan biri oyunun sifariş ərizəsində 23 futbolçunun olması, əvəzedici heyətlərinin matçlarının əsas komandanın görüşlərindən sonra keçirilməsini nəzərdə tuturam. Bunlar hamısı həllini tapdı. Həllini tapmayan problem olmadı.

 

- KK-nin iclaslarında yayım məsələsi ilə bağlı bir neçə dəfə müzakirə aparılsa da, nəticəsi olmadı. Bu barədə nə fikirləşirsiz?

- Gələn il həmin məsələni müzakirəyə çıxaracağıq. Onu birinci növbədə müzakirə etməyə ehtiyac varsa, edəcəyik.

 

- Klublar dəfələrlə legioner limiti məsələsinə də toxunublar. KK olaraq bununla bağlı İcraiyyə Komitəsinə müraciət etməyə əsas görürsüzmü?

- 8 klubdan 5-6-sı eyni təkliflə gəlsə, müzakirə etmək olar. “Neftçi”nin mövqeyi odu ki, legioner limiti 6+5 olaraq qalsın.

 

- “Neftçi”dən söz düşmüşkən, qışda komandadan kimlər göndərilə və heyətə hansı futbolçular cəlb oluna bilər?

- 2-3 futbolçu cəlb edəcəyik. Əsas da mərkəz müdafiəçisi, sol yarımmüdafiəçi və hücumçu mövqelərinə yeni oyunçu lazımdı. Gedənlər isə cavanlar olacaq, hamısını başqa klublarda icarəyə verəcəyik. Fəhmin Muradbəyli, Məqsəd İsayev və  Rahil Məmmədovu nəzərdə tuturam. Tərzin Cahangirovu isə birdəfəlik götürmək istəsələr, problem olmayacaq.

 

- Daniel Seqoviya və Mateo Mujek kimi legionerlərin aqibəti necə olacaq?

- “Zirə” ilə kubokun cavab matçından sonra onlarla görüş olacaq. Bundan sonra həmin legionerlərin də taleyi bəlli olacaq.    

 

- “Neftçi”nin qışa qədərki çıxışı sizi nə dərəcədə qane edir?

- Start çox pis alındı. Yeni məşqçi gələndən sonra inam yarandı ki, komanda oynaya bilər. Futbolçularımız ayrı-ayrılıqda kifayət qədər güclü oyunçulardı. Bizdə problem o idi ki, komanda şəklində çətinlik çəkirdilər. Amma irəliləyiş var və inanırıq ki, vəziyyət düzələcək.

 

- Klub daxilində Nizami Hacıyev və Mirhüseyn Seyidov məsələsi, yəni oyun alqı-satqı ilə bağlı müzakirə olunubmu?

- Bəli, müzakirə olunub. AFFA nümayəndəsi də gəlmişdi, bizi məlumatlandırdı. Xahiş etdi ki, klublar assosiasiya ilə sıx əməkdaşlıq etsinlər, hər hansı şübhə olsa, dərhal AFFA-nı məlumatlandırsınlar.  

0