[b]Ndlovunun ürəyi Asiyada: 750 min avro![/b]
14.12.2017 - 10:10
[b]Ndlovunun ürəyi Asiyada:  750 min avro![/b]

“Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə məlumatı goal.com saytı yayıb.

 

Bildirilir ki, “Hançjou Qrintaun” klubu Ağdam klubunun forvardına “elçi düşüb”. Hətta klublar arasında danışıqlara start verildiyi də vurğulanıb. Cənubi Afrika Respublikası (CAR) yığmasının üzvü “Qarabağ”ın heyətində Çempionlar Liqasındakı çıxışı ilə çinlilərin diqqətini cəlb edib.

 

Ndlovunun özünün də Çin klubuna keçməkdə maraqlı olduğu iddia edilib. Bu səbəbdən “Hançjou Qrintaun” klubu transferi reallaşdırmaqda israrlı görünür: “İki klub arasında danışıqlar davam edir. Bu keçid hər iki tərəf üçün sərfəli ola bilər. Rumıniya klubu “ÇFR Kluj”un da gündəmində olan hücumçunun “Qarabağ”la müqavilə müddəti yayda bitir. Bu üzdən Ndlovu yanvarın 1-də istənilən klubla danışıq apara və razılıq əldə edə bilər”.

 

CAR mətbuatı isə Azərbaycan çempionunun forvardın keçidindən 1 milyon avro gəlir əldə etmək niyyətində olduğunu yazıb. Ancaq qarşı tərəf 750 min avro təklif edib: “Futbolçunu “Anortosis”dən 350 min avroya alan “Qarabağ” onun Çinə köçməsi ilə bu məbləğin 3 qatını qazana bilər”.

 

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a ötən il “Anortosis”dən keçib.

0