Azərbaycan Kubokunun 1/4 final oyununun cavab qarşılaşmasında “Neftçi” ilə görüşən və 0:2 hesabı ilə məğlub olan “Zirə”nin futbolçusu Yovan Krneta matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
O, matça əlavə olunmuş dəqiqələrdə oyundan qovulması ilə bağlı da danışıb.
- Oyun haqqında nə deyə bilərsiz?
- İlk hissədə qol buraxdıq. Sonra bunun əvəzini çıxmaq üçün ciddi cəhdlər etdik. Bilirdik ki, bizə bir qol bəs edəcək. Sadəcə bu gün oynamağa imkan tapmadıq. Bu haqda çox danışmaq istəmirəm, amma matça baxanlar özləri də hər şeyi gördülər. İkinci hissədə isə ümumiyyətlə, futbol olmadı.
- Hakimə nə dedin ki, birbaşa qırmızı vərəqə göstərdi?
- Elə bir şey demədim, sadəcə oyun vəziyyəti idi, bir az etiraz elədim.
- Konkret nə dedin ki?
- Xüsusi heç nə. Mübahisəli epizod idi, yanına yaxınlaşdım və “məncə, cərimə deyil” dedim.
- Sanki, bir az aqressiv görünürdün...
- O da hakim kimi başa düşməli idi. Biz 0:2 hesabı ilə uduzurduq, üstəlik pis heç nə demədim. Hətta kameradan da baxmaq olar. O isə mənə birbaşa qırmızı vərəqə verdi. Nə etmək olar?
- Ardıcıl ikinci mövsümdü ki, kubokda “Neftçi”yə uduzursuz. Halbuki, çempionatda həmişə siz qələbə qazanırsız. Bəlkə kubok oyunlarında motivasiya olmur?
- Çox gözəl kollektivimiz var və bütün oyunlara eyni motivasiya ilə çıxırıq. Bunu geridə qalan illərdə də göstərmişik. Ancaq kubokda belə alındı. Mənə də maraqlıdı ki, niyə “Neftçi”yə uduzuruq?
- Belə çıxır ki, çempionat sizin üçün daha vacibdi?
- Deyəsən, elədi. Ancaq əmin deyiləm. Sadəcə bugünkü oyunda dediyim kimi, ikinci hissədə futbol yox idi.
- Komanda hələ də yüksək əhval-ruhiyyədədi, yoxsa kubokdan uzaqlaşdığınız üçün kefiniz pozulub? Nəzərə alsaq ki, çempionatda ilk üçlükdə qərarlaşmısınız...
- Təbii ki, çempionat ayrı bir paltformadı. Komandada hər şey əladı.