[b]“Qarabağ”a qarşı elə oynayacağımızı gözləmirdim”[/b]
15.12.2017 - 16:06
[b]“Qarabağ”a qarşı elə oynayacağımızı gözləmirdim”[/b]

“Gənclər Liqasında qrupda qalmaq bizim üçün biabırçılıqdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın U-19 komandasının futbolçusu Zakaria Sdaiqui deyib.

 

UEFA Gənclər Liqasında “Qarabağ”ın U-19 komandası ilə eyni qrupda mübarizə aparmış “canavarlar” yekunda Ağdam klubu kimi, növbəti mərhələyə adlaya bilmədilər.

 

İtaliya televiziyasına danışan Sdaiqui komandasının çıxışını dəyərləndirib. Mərakeş əsilli yarımmüdafiəçi söhbət əsnasında son turda “Qarabağ”ı 3:0 hesabı ilə üstələdikləri oyunu xatırlayıb. O, qol vurduğu görüş haqda bu fikirləri səsləndirib: “Qarabağ”a qarşı göstərdiyimiz oyun xoş idi. Açığı, həmin matçda elə oynayacağımızı gözləmirdim. Düzdü, qrupda qalmağımız heç yaxşı olmadı. Deyərdim ki, bəxtimiz gətirmədi. Bir də hakim səhvləri bizə mane oldu”.

 

Kumirlərinin “Tottenhem”in futbolçusu Dele Alli və “Roma”nın üzvü Radja Nainqqolan olduğunu bildirən Sdaiqui komandasının yaxın gələcəkdə daha da güclənəcəyini qeyd edib: “Yarımmüdafiəçilər bacardıqca az səhv buraxmalıdılar. Çünki biz səhv buraxanda müdafiəçilərin işi bir qədər də çətinləşir. Komandamız hücum planında yaxşıdı. Bunu Gənclər Liqasında da isbatladıq. Hazırda isə müdafiə olunmağın üzərində işləyirik”.

0