Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Master” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mötəbər yarışın son günündə daha 5 cüdoçumuz tatami üzərinə çıxıb.
90 kq
90 kq çəki dərəcəsində mübarizə aparan iki idmançımız da yarışa 1/8 final mərhələsindən start verib. Tural Səfquliyev ilk görüşündəcə meydan sahibi Husen Xalmurzayevə məğlub olub və mübarizəni başa çatdırıb.
Məhəmmədəli Mehtiyev isə əvvəlcə monqol Altanbaqana Qantulqanı yolundan kənarlaşdırıb. Növbəti görüşdə İspaniyanı təmsil edən gürcü idmançı Nikolo Şerazadişviliyə uduzan Mehtiyev rəqinin yarımfinala adlaması səbəbindən təsəlliverici görüşlərə qatılıb. Bürünc medala gedən yolda macarıstanlı Kriştian Tota məğlub olan Məhəmmədli yarışı medalsız başa vurub.
100 kq
100 kq çəki dərəcəsində ölkəmizi bu dəfə də Elxan Məmmədov və Elmar Qasımov təmsil ediblər. Hər iki cüdoçumuz turnirə 1/8 finaldan başlayıblar.
Məmmədovun ilk rəqibi isveçli Xoakim Dvarbi olub. Rəqibini mübarizədən kənarlaşdıran veteran cüdoçumuz növbəti görüşdə Portuqaliya təmsilçisi Xorxe Fonsekaya da gücünü göstərib. Təmsilçimiz yarımfinalda hollandiyalı Mixael Korrelə güləşib. Matçın əsas vaxtı bərabərliklə başa çatıb. Əlavə olunmuş vaxtda rəqibindən daha çox - 3 dəfə xəbərdarlıq alan Məmmədov məğlub olub və gücünü bürünc medal uğrunda döyüşdə sınayıb. Onun medallara gedən yoldakı son rəqibi Elmar Qasımova qalib gələn Kirill Denisov olub. Rəqibini məğlub edən cüdoçumuz mötəbər turniri "bürünc"lə yekunlaşdırıb.
Elmar Qasımov isə əvvəlcə ev sahibi Niyaz Bilalova qalib gəlsə də, macarıstanlı Mikloş Kiryeniks qarşısında məğlubiyyət acısı yaşayıb. İdmançımız təsəlliverici görüşdə rus Kirill Denisovla münasibətlərinə aydınlıq gətirib. Görüşü olduqca zəif keçirən Qasımov ardıcıl 3 xəbərdarlıq alaraq mübarizəni vaxtından əvvəl başa vurub.
+100 kq
+100 kq çəkidə isə Uşanqi Kokouri yarışıb. Gürcü əsilli təmsilçimiz 1/8 finalda monqol Duranbaya Ulzibayar ilə üz-üzə gəlib və uduzaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, turnirin ilk günündə bir idmançımız – 73 kq çəkidə yarışan Hidayət Heydərov bürünc medal qazanıb.