[b]“İndi gördüklərinizi yalnız arzulaya bilərdik” – Fərid Qayıbov[/b]
19.12.2017 - 14:00
[b]“İndi gördüklərinizi yalnız arzulaya bilərdik” – Fərid Qayıbov[/b]

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov vesti.az saytına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, “Bakılı oğlanlar”ın sabiq üzvü Bəhram Bağırzadənin suallarını cavablandırıb.

 

- Əvvəlcə tanışlıqdan başlayaq...

- Ən çətin elə özün haqda danışmaqdı (gülür). Suala başqa tərəfdən yanaşmaq olarmı?

 

- Buyurun...

- Məlum olduğu kimi, bizdə gimnastika üzrə müxtəlif turnirlər keçirilir, çoxlu könüllü gəlir. Məni daha çox onların xarici dilləri bilməsi sevindirir. Gənclər 2-3 əcnəbi dildə danışmağı bacarırlar. Onlar arasında da rəqabət güclənib və bu, əla faktdı. Etiraf edim ki, mən fərqlənən əlaçı olmamışam. Xalq Təsərrüfatı İnstitutunu, Azərbaycan və Türkiyənin birgə layihəsini bitirmişəm. Onun əsasını isə ümummilli lider Heydər Əliyev qoymuşdu.

Çətinliyim ondan ibarət idi ki, məktəbdə rus bölməsində oxumuşdum, orda isə təhsil türk dilində verilirdi. Bizə 10 fəndən dərs keçirilirdi, bütün müəllimlərimiz türklər idi. Onlar çox ciddi şəxslər – siyasətçilər, hüquqşünaslar idi. 3 aydan bir 10 fənnin hamısından imtahan verirdik. 4 il təhsil aldıqdan sonra magistraturaya daxil oldum. Həyat məni neft sahəsinə bağladı və orda işləməyə başladım. 2003-cü ildə isə gimnastikadakı yolum başladı. Bütün uşaqlar kimi, mən də idmanı sevirdim. Etiraf edim ki, həmin vaxt gimnastika haqda heç nə bilmirdim. Tədricən hər şey öz yerini tutdu, bu sahədə bilik və təcrübəm artdı. İdman təhsilim yox idi. Bu boşluğu yaxın müddətdə Sankt-Peterburqda aradan qaldırdım. Bax belə (gülür).

 

- Uğurunuzu təkrarlamaq istəyən gənclərə nə məsləhət görərdiniz? Nə oxusunlar, hansı dillərdə danışmağı öyrənsinlər?

- İngilis dilində danışa bilirəm. Amma fransız dili də lazımdı. Beynəlxalq Olimpiya Komitəsində bu dildə danışırlar. Hər şeyi vaxtında etmək gərəkdi. Fransız dilini 3 il əvvəl öyrənməyə başladım. Əfsuslar olsun ki, vaxt sıxır. Bu dili də başa düşürəm və danışmağa çalışıram. Yenə deyirəm ki, hər şeyi vaxtında etmək lazımdı.

- Keçək əsas məsələyə, yəni uğura...

- Səsvermə Xorvatiyanın Split şəhərində, UEG-in XXVII Konqresində keçirildi. Qələbə üçün bizə 26 səs lazım idi, yəni 26 ölkə mənim namizədliyimi dəstəkləməli idi. Yekunda elə alındı ki, mən 28 səs topladım, digər namizəd isə 20. İki nəfər isə bitərəf oldu. 

 

- Rəqibiniz güclü idi?

- Yetərincə. Rəqibimi tanıyırdım, çox mədəni insandı. Qalib müəyyənləşəndə dərhal yaxınlaşıb, məni təbrik etdi. Kiçik dialoqumuz da oldu.

 

- Hansı planlarınız var? Öz komandanızı formalaşdırmısız?

- Yaxın 4 il üçün platformamızı müəyyənləşdirmişik. İlk növbədə, məni Lozannadakı ofisə səfər gözləyir. Orda təşkilati tədbirlər keçirməliyik. Bundan sonra isə öz planlarımızı həyata keçirməyə başlayacağıq. Yanvarın ortasında Prezident Komissiyası və İcraiyyə Komitəsinin yığıncağı olacaq. Tezliklə mənim üçün zəngin keçəcək idman ili başlayacaq.

 

- Bakı və Lozanna arasında işinizi necə böləcəksiz?

- Təbii ki, Bakıda qalacam. Amma tez-tez Lozannaya səfər edəcəm. Artıq avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsinin üzvüyəm. Bu isə o deməkdi ki, mən təkcə UEG-in yığıncaqlarında deyil, həmçinin FİG-in İcraiyyə Komitəsinin və “Council” təşkilatının iclaslarında da iştirak etməliyəm. Buraya Avropa çempionatı da əlavə olunur. Orda da iştirak etməli və 50 gimnastika federasiyası ilə işləməliyəm.

 

- 2003-cü ildən bəri çox şey dəyişib. Milli Gimnastika Arenasına daxil olanda heyran qaldım. Yəqin ki, bu arenaya hazırda Avropanın bir çox ölkələri həsəd aparırlar...

- Bəs necə? Amma vaxt var idi ki, indi gördüklərinizi yalnız arzulaya bilərdik. Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyevanın qayğısı nəticəsində Bakı müasir gimnastika arenasına sahibdi. Biz hər gün beynəlxalq miqyasda turnirlər keçirmək gücündəyik.

Bu vaxta qədər yalnız bədii gimnastika üzrə Avropa çempionatı keçirmişik. Bakıda 3 dəfə - 2007, 2009 və 2014-cü illərdə belə turnir baş tutub. Bakı 2018-ci ildə isə gimnastikanın batut növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. UEG-in İcraiyyə Komitəsinin son iclasında isə kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatının 2020-ci ildə Bakıda keçirilməsi haqda qərar qəbul olundu. FİG-in qaydalarına əsasən, bu yarış Tokio Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Bu isə yarışın əhəmiyyətini artıracaq.

Hesab edirəm ki, bizdəki şərait heç kimdə yoxdu. Bizim kompleks sırf gimnastika arenasıdı. Burda gimnastikanın 6 növünün hər biri ilə məşğul olan idmançılar məşq edə  və həm daxili, həm də beynəlxalq turnirlər keçirilə bilər. Bu cür kompleksin olması ondan xəbər verir ki, biz gimnastikanın liderinə çevrilmişik. Təbii ki, bu sahədə qədim ənənələrimizin olduğundan danışa bilmərik. Elə ölkələr var ki, gimnastikada əsrlərlə ənənələri var. Biz indi məktəb qururuq. Son bir neçə ildə bizdə yeni növlər yarandı: qadınların idman gimnastikası, batut, aerobika. Beynəlxalq turnirlər keçiririk, bu növlərin inkişafı üçün onları populyarlaşdırırıq. Bunlarla yanaşı, başqa işlər də görürük.

FİG-in xüsusi qiymət sistemi var. İlin nəticələrinə əsasən, onlar ən yaxşı, daha aktiv olan 5 federasiyanı müəyyənləşdirirlər. Müxtəlif beynəlxalq yarışların, hakim və məşqçi kurslarının keçirilməsi nəzərə alınır. Deyə bilərəm ki, son 2 ildə biz “beşliy”ə düşə bilmişik.

- Gimnastikanın ölkədə populyar idman növünə çevrilməsinin bu arenada dəfələrlə şahidi olmuşam...

- Son illərdə Azərbaycanda ən çox inkişaf edən idman növü bədii gimnastikadı. İndi biz gimnastikanın bütün növlərinə diqqət ayırmağa çalışırıq. Hər il Bakıda dünya kubokları keçirilir. Biz bu yarışları gimnastikanın hər 4 olimpiya növü üzrə keçiririk. AGF yeganə federasiyadı ki, FİG ona 2019-2020-ci illərdə bütün lisenziyalı dünya kuboklarını keçirməyi etibar edib. İdman gimnastikasına gəlincə, bu növdə sürətlə inkişaf edirik. Buna sonuncu Avropa Oyunlarını misal göstərmək olar. Həmin turnirdə kişi gimnastlarımız 5 medal qazanmışdılar. Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə gimnastikanın inkişafı və aktiv irəliləyişinə, gimnastikanın Azərbaycanda ən əsas idman növlərindən birinə çevrilməsinə nail olub. Onun rəhbərliyi altında federasiya böyük uğurlara imza atıb. AGF müxtəlif tədbirlərin təşkili və qazanılan uğurlarla Azərbaycanın digər idman federasiyalarına nümunə olub.

Federasiya idmançı hazırlamaq və beynəlxalq turnirlər təşkil etməklə yanaşı, həm də idman infrastrukturu yaradır.

 

- Regionlarda vəziyyət necədi? Maraq varmı?

- Bizdə gimnastikanın 6 növü var və ölkədə Azərbaycan çempionatı, ölkə birinciliyi keçirilir. Azərbaycan birinciliyi planlaşdırılmış turnirdi, onu regionlarda təşkil edirik və uşaqlar qatılırlar. Bədii gimnastika ölkədə 12 regionda inkişaf edir, belə yerlərin sayı artmaqdadı. Heç olmasa, ildə 1 dəfə Bakıdan kənarda yarış keçirməyə çalışırıq. Bununla uşaqları gimnastikaya cəlb etmək istəyirik. Yarım il əvvəl keçirdiyimiz ilk seçimə 240 uşaq gəlmişdi. Düzü, özümüz də o cür anşlaq gözləmirdik. Mingəçevir şəhərində valideynlərin qız övladlarını idmana yazdırmaq arzusunda olması bizi sevindirdi. Valideynlər müxtəlif regionlardan, həmçinin Bakıdan gəlmişdilər. Yəni Azərbaycanda artıq idman turizmi başlayır. Şadam ki, bizim publika gimnastikanı başa düşməyə başladı. Təbii ki, bu, 1 günün yox, uzun illər çəkdiyimiz əziyyətin bəhrəsidi.

 

- Sizin öz uğur formulunuz varmı?

- Əlimi qəlbimə qoyaraq, səmimi şəkildə deyirəm ki, gənclər üçün hər cür şərait yaradılıb. Dünya ölkələrinə tez-tez gedirik. Qalır məsuliyyətli və çalışqan olmaq. Bu iki faktor insana istədiyi nəticəyə çatmağa kömək edir. Hər adam çempion ola bilməz. Amma hədəfiniz varsa və ona doğru addımlayırsızsa, mütləq uğur qazanacaqsız. Məsuliyyətli və çalışqan olmaq mənə həyatda kömək edib.

 

0