[b]“Qəbələ”: 2017-nin 11 məqamı - VİDEO[/b]
30.12.2017 - 21:45
[b]“Qəbələ”: 2017-nin 11 məqamı - VİDEO[/b]

Son günlərini yaşadığımız 2017-ci il “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, klubun həm futbol komandaları, həm də digər idman növlərindəki təmsilçiləri sona çatmaqda olan ili nailiyyətlərlə başa vurublar.

 

“Qırmızı-qaralar”ın müxtəlif komandaları yaşıl meydanlarda, idmançıları isə fərdi idman növlərində azarkeşlərini sevindirməyə nail olublar. “Qəbələ TV” 2017-ci ilin ən yaddaqalan 11 məqamını təqdim edib:

  

1. Ardıcıl 4-cü medal, ilk gümüş

2016/2017 mövsümü “Qəbələ”nin əsas komandası üçün tarixi uğurla yadda qalıb. Qış fasiləsinə 2-ci pillədə yollanan Roman Qriqorçukun baş məşqçilik etdiyi “qırmızı-qaralar” çempionatın 2017-ci ilə aid olan hissəsində 5 qələbə qazanıb, 6 heç-heçəyə imza atıb və 3 dəfə meydandan xalsız ayrılıb. Bu, komandaya 2-ci pillədə qalıb, tarixində ilk dəfə gümüş medal qazanmağa yetərli olub. Azərbaycan Premyer Liqasını 2-ci yerdə tamamlayan “Qəbələ” 2013/2014, 2014/2015, 2015/16-cı illərdə qazandığı bürüncü gümüşə dəyişməklə ardıcıl 4-cü dəfə mükafatçılar sırasında yer alıb.

 

2. İkinci final

2016/2017 mövsümü Topaz Premyer Liqası ilə yanaşı, Azərbaycan kubokunda da ikinciliklə diqqət çəkib. Yarımfinalda “İnter”i hər iki oyunda (3:1, 2:0) məğlub edən “qırmızı-qaralar” tarixində ikinci dəfə finala yüksəlib. Mayın 5-də baş tutan həlledici görüşdə komandamız ölkə çempionu “Qarabağ”la qarşılaşıb. 0:2 hesabı ilə uduzan “Qəbələ” 2013/2014 mövsümündə olduğu kimi kubokun finalçısı kimi tarixə düşüb.

 

3. Medal kolleksiyası

2016/2017 mövsümü futbol komandalarımızın mükafatları ilə zəngin olub. Həm çempionat, həm kubokda gümüşə yiyələnən əsas komandanın uğurlarına əvəzedicilər və akademiyanın təmsilçiləri də qoşulublar. Əvəzedicilər çempionatı 2-ci pillədə başa vurublar. Bu komandanın tarixində 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla 6-cı medaldır. Akademiyanın U-11, U-12, U-13, U-15 və U-16 komandaları AFFA-nın təşkil etdiyi müvafiq yaş qrupları üzrə liqalarda çempion tituluna yiyələniblər. U-19 gümüş, U-10 ilə U-14 bürüncə sahib olub. Qızlardan ibarət “Qəbələ” komandası isə Yüksək liqanın qalibi adını qazanıb. Beləliklə, 2016/2017 mövsümündə təmsilçilərimiz kubokdakı finalı da nəzərə alsaq, 6 qızıl, 4 gümüş və 2 bürünc əldə ediblər.

 

4. İlk bombardir

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün bombardiri kimi tarixə düşüb. Çempionatda 11 qol vuran xorvatiyalı legioner bu adı Rauf Əliyevlə şərikli şəkildə qazanıb. Hər iki oyunçu eyni sayda qol vurduğundan onların hər ikisi mükafatlandırılıb. Ozobiç “Qəbələ”nin tarixində Premyer Liqanın bombardiri olan ilk futbolçudur.

 

5. Yeni rekordçular

2017-ci il “qırmızı-qaralar”ın tarixinə yeni rekordçular bəxş edib. Ürfan Abbasov futbolçular, Roman Qriqorçuk baş məşqçilər arasında klubda ən çox oyun keçirən ünvanına yiyələnib. Cinah müdafiəçisi “qırmızı-qara” formada 161 oyun keçirib, uzun müddət zirvədə qərarlaşan Dodonu “taxtdan salıb”. Abbasovun hesabında artıq 174 matç var. Komandamızı 139 görüşə çıxaran Ramiz Məmmədovun rekordunu yeniləyən Qriqorçuk ilin sonunadək göstəricisini 142-yə çatdırıb.

 

6. Yenidən Avropada

Azərbaycan Premyer Liqasında qazanılan gümüş medal “Qəbələ”nin ardıcıl 4-cü dəfə avrokuboklarda oynamasına imkan yaradıb. Avropa Liqasında qüvvəsini sınayan “qırmızı-qaralar” tarixində ilk dəfə yarışa II təsnifat mərhələsindən start verib. Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdıran (1:1, 2:0) “Qəbələ” III təsnifat mərhələsində Yunanıstan “Panatinaykos”u ilə üz-üzə gəlib. “Qırmızı-qaralar”ın pley-off yolunu Ellada təmsilçisi kəsib – 0:1, 1:2.

 

7. İslamiada zəfəri

2017-ci ildə daha bir möhtəşəm yarışa ev sahibliyi edən Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını təşkilatçı ölkəsi olub. Bakıda baş tutan yarışlar “Qəbələ” idmançıları üçün də uğurlu alınıb. 11 gün davam edən İslamiadada 7 idman növündə Azərbaycan millisinin heyətində yer alan klubun 18 təmsilçisi komanda yarışında qazanılan medallar da nəzərə alınsa, 19 mükafata yiyələnib. Bunlardan 8-i qızıl, 9-u gümüş, 2-si bürüncdür. Boksçulardan Cavid Çələbiyev (60 kq) qızıl, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) gümüş medala yiyələnib. Cüdoçulardan Aişə Qurbanlı (48 kq) ilə Kifayət Qasımova (57 kq) fərdi yarışlarda gümüş əldə edib. Kifayət həm də yığmanın tərkibində eyni əyarlı medala sevinib. Rüfət İsmayılovla Uşanqi Kokauri komanda yarışında çempionluq sevinci yaşayıb. Stend atıcısı Nurlana Cəfərova həm fərdi, həm cütlüklərin yarışında ikinci olub. Onunla birlikdə çıxış edən Emin Cəfərov da hesabına medal yazıb. Taekvondoçulardan Milad Beiqi Harçeqani (80 kq) bütün rəqiblərinə qalib gələrək, öz çəki dərəcəsində hamıdan güclü olub. Məhəmməd Məmmədov (63 kq) bürünc əldə edib. Karatedə çempionluq sevincini Rafael Ağayev (75 kq) yaşayıb. Pərviz Abdullayev (75 kq) isə uşuda bürünc mükafatçısı olub. Futbol yarışının qalibi olan 23 yaşadək futbolçulardan ibarət yığmanın üzvləri Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalov çempion adını qazanıb.

 

8. Dünyada 3-cü, Avropada 2-ci

Rio-2016-nın bürünc mükafatçısı Kamran Şahsuvarlı uğurlarını 2017-ci ildə də davam etdirib. Boksçumuz həm dünya, həm Avropa çempionatında mükafatçılar sırasına düşüb. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız Ukraynada qitə çempionatının finalında uduzmaqla həm gümüş medal, həm də mundiala vəsiqə qazanıb. Almaniyada keçirilən dünya çempionatı isə boksçumuzun 3-cü pilləni tutması ilə nəticələnib.

 

9. Dünya və Universiada çempionu

Başa çatmaqda olan il “Qəbələ”nin taekvondoçusu Milad Beiqi Harçeqani üçün qələbələrlə zəngin olub. 80 kq çəki dərəcəsində çıxış edən idmançı qatıldığı yarışların çoxunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslamiadanın qalibi olan Milad Cənubi Koreyada təşkil edilən dünya çempionatında da bütün rəqiblərinə qalib gəlib. Dünya çempionumuz həm də Taypeydə Dünya Yay Universiadasının qızıl medalına yiyələnib.

 

10. Ozobiçdən Quliyevədək

“Qəbələ”nin futbolçuları il ərzində müxtəlif yığmaların şərəfini qoruyublar. Təmsilçilərimiz 4 ölkənin əsas komandasının formasını geyiniblər. 2017-ci ilin əvvəlində Filip Ozobiç Xorvatiya kimi güclü yığmada debüt şansı əldə edib. Millidə 2 matç keçirən yarımmüdafiəçi kimi Nika Kvekveskiri Gürcüstan, Sergey Zenyov Estoniya komandasında klubumuzun təmsilçisi olub. Azərbaycanın müxtəlif yığmalarına da oyunçu verən “qırmızı-qaralar”ı əsas komandada Cavid Hüseynov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov, Tellur Mütəllimov, Araz Abdullayev və Ürfan Abbasov təmsil edib. U-23, U-21, U-19, U-17 yığmaları ilə rəsmi matçlara çıxan gənc futbolçularımız digər millilərə də cəlb olunublar. İlin sonunda komandamızın çalışdırıcısı Ramin Quliyev Azərbaycanın U-17 yığmasının baş məşqçisi təyin edilib.

 

11. “Qəbələ” Avropa Klublar Assosiasiyasında

“Qəbələ” 2017-ci ildə Avropa klublar Assosiasiyasına (ECA) üzv qəbul edilib. Klubumuz 2017/2018 mövsümündə Azərbaycanın qurumdakı üç təmsilçisindən biridir. “Neftçi” və “Qarabağ”ın tamhüquqlu üzv olduğu ECA-ya yeni qoşulan “Qəbələ” assosiativ statusu daşıyır. Ümumilikdə isə ECA-da 53 ölkədən 220 klub birləşib.

 

Mənbə: gabalafc.com

0