Ağasəlim Mircavadov: “Olimpik” müdafiə xəttini gücləndirməlidir”
13.05.2008 - 13:49
Ağasəlim Mircavadov: “Olimpik” müdafiə xəttini gücləndirməlidir”
Azərbaycan Premyer Liqasının başa çatmasına iki tur qalmış lider “Olimpik”dən 7 xal geri qalmaqla, komandasının çempionluq titulunu itirdiyini vurğulayan 61 yaşlı mütəxəssis bunu geriyə addım sayıb: “Yadıma İngiltərə çempionatının 5-6 il əvvəlki mövsümü düşdü. “Mançester Yunayted” finişə 7-8 tur qalmış ən yaxın izləyicisindən 15 xal irəlidə olduğu halda, sonda “Arsenal” çempion oldu. Cari mövsümün bizim üçün uğursuz alındığını deməzdim. Əksinə, nümayiş etdirdiyimiz güclü oyuna görə çempionluğa layiqik. Sadəcə, öz səhvlərimizin acısını çəkdik. Lənkəranda Olimpiya İdman Kompleksinin stadionunda keçirdiyimiz oyunlarda 9 xal itirmişik. Bunu faciə sayıram. Özü də xal itkiləri zəif komandalarla görüşə təsadüf edib”. Çempionluğu “Olimpik”ə təhvil verəcəklərini hesab edən A.Mircavadov bildirib ki, sona iki tur qalmış rəqib üstünlüyü əldən verməyəcək: “Fikrimcə, çempion “Olimpik” olacaq. Hər halda, çempionluğa ən böyük şans bu komandadadır. “Olimpik”ə istəyinə çatmaq üçün qalan iki oyunda iki xal və ya bir qələbə yetərlidir ki, buna da nail olacağını hesab edirəm”. “Olimpik”in çempionluğunu təsadüfi saymayan A.Mircavadov bu komandanın Çempionlar Liqasında daha yaxşı çıxış etməsini arzulayıb: “Ötən mövsüm bu nüfuzlu turnirdə ölkəmizi layiqincə təmsil etdik. Hər halda, Zaqrebin “Dinamo” klubuna hər iki görüşdə 90 dəqiqəlik mübarizədə uduzmadıq. “Olimpik”in də yaxşı çıxış etməsini istəyirəm. Bunun üçün komanda öz oyununu, müdafiə ilə yanaşı, digər mövqelərini də gücləndirməlidir”.
0