[b]Kamran Ağayevin “kitab”ı necə bağlandı? – baş məşqçi açıqladı[/b]
11.01.2018 - 12:42
[b]Kamran Ağayevin “kitab”ı necə bağlandı?  – baş məşqçi açıqladı[/b]

“Kamran Ağayev bura gələndə hazır deyildi. Tam hazır vəziyyətdə olanda isə zədələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mlada” klubunun baş məşqçisi Duşan Uxrin deyib.

 

Çexiya təmsilçisinin çalışdırıcısı yerli mətbuata müsahibəsində mövsümün ilk yarısını dəyərləndirib. O, bir müddət əvvəl komandadan ayrılaraq, Azərbaycana qayıdan və “Keşlə” ilə müqavilə imzalayan millimizin qapıçısı Kamran Ağayevin gedişinə də münasibət bildirib.

 

Uxrin 32 yaşlı qolkiperin Çexiyaya uyğunlaşa bilmədiyini vurğulayıb: “Kamranın işi qırmızı vərəqə aldığı matçda bağlandı. Ancaq bununla onun zəif qapıçı olduğunu demək istəmirəm. Sadəcə, burda kollektivə və mühitə uyğunlaşa bilmədi. Həmçinin, çempionata da öyrəşməkdə çətinlik çəkdi. Ağayevin gedişindən sonra yerinə yeni qapıçı almamışıq. Komandada iki gənc qolkiper var: Ludek Vejmola və Martin Yedliçka. Onların hər ikisi burda inkişaf edə biləcək”.

 

Qeyd edək ki, ötən ilin yayında “Mlada” ilə müqavilə bağlayan Kamran Ağayev mövsümün ilk dövrəsi başa çatmamış klubla vidalaşıb. O, Çexiya klubunun heyətində keçirdiyi 7 matçda qapısında 12 qol görüb.

0