[b]Faiq Qarayev "Azərreyl"in baş məşqçisini dəstəklədi[/b]
12.01.2018 - 15:33
[b]Faiq Qarayev "Azərreyl"in baş məşqçisini dəstəklədi[/b]

“Azərreyl”in oyununu arenadan canlı izləmişəm. Qızlar 3 hissədə qalib gəldilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

 

Qadınlardan ibarət milli komandanın da baş məşqçisi olan təcrübəli mütəxəssis “Çelenc Cup”ın 1/16 final mərhələsi çərçivəsində “Azərreyl”in Rumıniya “Ştiinta”sı ilə qarşılaşmasından danışıb: “Bacardıqları qədər mübarizə apardılar. Oyunun taleyi “Qızıl set”də həll olundu. Bu hissəyə “Azərreyl” üstün başladı. Təəssüf, üstünlük bizdə olsa da, sonda uduzduq. Düşünürəm ki, oyunçular setin sonlarında psixoloji cəhətdən məğlub oldular. Bu da setin məğlubiyyətinə səbəb oldu. Daha bir səbəb isə “Azərreyl”in komanda şəklində az oyun keçirməsidi. Bildiyiniz kimi, ölkə çempionatımız dekabrın sonunda start götürdü. “Azərreyl” də lazımı qədər oyuna çıxmamışdı. Hansı ki, digər komandalar bu günə kimi artıq 15-dən çox oyun keçirib. Məncə, “Azərreyl”in belə çıxışına komanda şəklində az oyun oynaması da böyük təsir göstərdi. Amma buna görə oyunçuları və ya məşqçini günahlandırmaq doğru olmaz”.

 

Qarayev komandanın baş məşqçisi Famil Ağayevə dəstək olmağın vacibliyini də önə çəkib. O bildirib ki, Azərbaycan Voleybol Federasiyası hər zaman gənc mütəxəssislərin yanında olub: “Famil də gənc və yaxşı bir məşqçidi. Milli komandada da mənim köməkçim olaraq çalışır. Onun kimi bizim gənc məşqçilərimiz o qədər də çox deyil. Biz onlara öz işlərində köməklik etməliyik ki, onlar öz klublarında və ya millidə yaxşı nəticələr əldə etsinlər”.

 

Qeyd edək ki, “Ştiinta”ya səfərdə 1:3 hesabı ilə uduzan “Azərreyl” evdə 3:0 hesabı ilə qalib gəldiyindən cütün taleyi “Qızıl set”də həll olunub. Rəqib bu dəfə 15:13 hesabı ilə qələbə qazanaraq, mərhələ adlayıb.  

 

0