Azərbaycan - İsveçrə matçının baş hakimi Babək Quliyevin meneceri olacaq
13.05.2008 - 17:43
Azərbaycan - İsveçrə matçının baş hakimi Babək Quliyevin meneceri olacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli hakim Babək Quliyev UEFA-nın istedadlı hakimlər qrupuna daxil edilib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən B.Quliyevin sözlərinə görə, İsveçrədə sınaqdan üzüağ çıxması buna imkan yaradıb: “Fiziki hazırlıq üzrə test normativlərini və ingilis dilindən imtahanı yüksək səviyyədə verdikdən sonra adım UEFA-nın 16 istedadlı hakimlər arasına düşüb. Bu iki illik nəzərdə tutulub. Həmin müddətdə daha çox, özü də yüksək səviyyəli matçlara təyinat ala bilərəm. İstedadlı hakimlər arasında olmağım hətta UEFA-nın hakimlərin reytinqində 2-ci qrupa yüksəlmək şanslarımı da artırır”. UEFA qarşıdakı iki ildə istedadlı, perspektivli hakimlər üçün kuratorlar ayırıb ki, B.Quliyevin payına polşalı Rişard Voyçik düşüb. Bu, milli komandamızın rəsmi oyunlarda ilk qələbəmizi (1:0) qazandığı İsveçrə ilə görüşü idarə edən hakimdir: “1996-cı ilin avqustun 31-də Bakıda keçirilən Azərbaycan - İsveçrə matçının baş hakimi olan Voyçik iki ildə menecerim olacaq. O, mənə lazımi tövsiyələri verməklə yanaşı, kömək edəcək. Bu həm telefon söhbəti, həm də yazışmalar əsasında olacaq. Hakimlik karyerasını başa vuran polşalı beynəlxalq oyunların əksərində idarəçiliyimə qiymət verəcək. Onunla iyulda Norveçin paytaxtı Osloda görüşəcəyik”.
İlin əvvəlində UEFA-nın hakimlər reytinqində 3-cü qrupa yüksələn ilk hakimimiz kimi tarixə düşən B.Quliyevin qarşıdakı sınağı Norveçdə olacaq. Belə ki, İntertoto kubokunun ikinci mərhələsinin cavab oyuna təyinat alan FİFA hakimimiz iyulun 12-13-də Osloda yerli “Rusenburq”un “Ekranas” (Litva) – TVMK (Estoniya) cütünün qalibi ilə görüşünü idarə edəcək.
0