Roman Pokora daha iki il müddətinə “Simurq” klubunu çalışdıracaq
14.05.2008 - 12:01
Roman Pokora daha iki il müddətinə “Simurq” klubunu çalışdıracaq
Zaqatala. Mehman Süleymanov - APA-Sport. Zaqatalanın “Simurq” klubu hazırkı baş məşqçisi Roman Pokora ilə əməkdaşlığı davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən R.Pokoranın sözlərinə görə, cari mövsümün sonunda başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı artıq razılıq əldə olunub: “Bu məsələ ilə bağlı klub prezidenti, sponsorlarla danışıqlarımız müsbət yekunlaşıb. Yeni anlaşmanın müddətinin iki illik olması mümkündür. Hər halda, ən azı gələn mövsümün sonunadək komandanın sükanı arxasında olacağam”.
AFFA-nın avrokuboklarda qarşıdakı mövsüm üçün lisenziya verdiyi 5 klubdan biri olan “Simurq”un 60 yaşlı ukraynalı çalışdırıcısı İntertoto kubokunda çıxış etmək istəyir. R.Pokora heyəti gücləndirməyə hazır olduqlarını söyləyib: “Avrokuboklarda çıxış etmək ən böyük arzumuzdur. Bunun reallaşması Zaqatala üçün əsl bayram olardı. Oradakı stadionumuzda da təmir işləri demək olar yekunlaşıb. Artıq iyunda arenanın xidmətindən istifadə edə biləcəyik. Zaqatalada sintetik örtüklü meydançası, süni işıqlandırma sistemi olan möhtəşəm stadion inşa edilib. 5-ci yer uğrunda mübarizəni sonadək davam etdirəcəyik və İntertotoda oynamaq imkanı yaranarsa, bundan istifadə edəcəyik. Yeni mövsümdə komandada dəyişikliklər olacaq. Getmək istəyən bəzi futbolçularla, o cümlədən legionerlərlə vidalaşacağıq. Artıq azərbaycanlı futbolçuları yaxşı tanıyıram və yerli transferlərə üstünlük verəcəyik”.
0